Bakının Nizami Rayon və Sumqayıt Şəhər Polis idarələrinin yeni inzibati binaları istifadəyə verilib

Bakının Nizami Rayon və Sumqayıt Şəhər Polis idarələrinin yeni inzibati binaları istifadəyə verilib
# 30 iyun 2012 14:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakı şəhərinin Nizami Rayon və Sumqayıt Şəhər Polis idarələrinin yeni inzibati binaları istifadəyə verilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hər iki polis idarəsinin binalarının açılışında daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə Nizami RPİ-nin yeni inzibati binasının açılışına qatılan nazir R.Usubova DİN-in Əsaslı Tikinti İdarəsinin rəisi Qasım Əliyev yeni binanın inşası və texniki parametrləri barədə məlumat verib. Bildirilib ki, tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 3400 kv. metrə yaxındır. Ən müasir standartlara uyğun tikilmiş bina bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təmin edilib. Burada Növbətçi hissə, 67 xidməti otaq, Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi, akt zalı, yeməkxana və digər xidməti otaqlar yaradılıb. Həmçinin 28 yerlik Müvəqqəti Saxlama Təcridxanası xüsusi təyinatlı mebel və inventarlarla təchiz olunub. Açılışdan sonra nazir yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb, onları əlamətdar hadisələr münasibətilə təbrik edib, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra daxili işlər naziri Sumqayıt Şəhər Polis İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib. R.Usubov yeni binada növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxıb. Nazir Sumqayıt ŞPİ-nin əməkdaşları ilə görüşərək cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahəsində şəxsi heyətin qarşısında duran vəzifələrdən danışıb, konkret tapşırıq və tövsiyələrini verib.

Tədbirdə qeyd olunub ki, indiyədək Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində, mərkəzi park və xiyabanlarda «Təhlükəsiz şəhər» sisteminin 85 kamerası quraşdırılıb. Dövlət başçımızın elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, daxili işlər orqanlarının zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyi, məhz belə yüksək diqqət sayəsində bu gün Daxili İşlər Nazirliyinin ən müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğu vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR