Bakının polis idarələrində vakant olan yerlərə xidmətə qəbulla əlaqədar müsabiqə elan olunub

Bakının polis idarələrində vakant olan yerlərə xidmətə qəbulla əlaqədar müsabiqə elan olunub
# 01 noyabr 2012 08:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Daxili İşlər Nazirliyi Bakı şəhərinin rayon polis idarələrində vakant olan yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə 10 yer üzrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində dil və ədəbiyyat, tarix, ibtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr pilləsində təhsilini başa çatdırmış, yaşı 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün vətəndaşlar 2012-ci ilin noyabr ayının 30-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək yaşayış yeri üzrə polis idarələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini, hərbi bileti (kişilər üçün) və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidir. Müsabiqənin şərtləri və keçirilmə qaydası barədə ətraflı məlumat Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet səhifəsində yerləşdirilib. Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47 və 590-92-54 nömrəli şəhər telefonları vasitəsilə DİN-in Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR