Moskvada azərbaycanlı və erməni tələbələr arasında baş vermiş toqquşmada güllə yarası almış soydaşımızın adı bəlli olub

Moskvada azərbaycanlı və erməni tələbələr arasında baş vermiş toqquşmada güllə yarası almış soydaşımızın adı bəlli olub
# 01 may 2007 17:45 (UTC +04:00)
Bu, 21 yaşlı Alışov Ağəlidir. Moskvadakı 64 saylı şəhər xəstəxanasından APA-ya bildirilib ki, o, qarın nahiyəsindən güllə yarası alıb. A. Alışov artıq əməliyyat olunub. Xəstəxananın cərrahiyyə şöbəsində yerləşdirilən A. Alışovun vəziyyəti orta-ağırdır. Xəstəxanadan o da bildirilib ki. onlara yalnız bir yaralı daxil olub.
İnsidentə görə, azərbaycanlı tələbələrin və Moskvadakı iş adamlarının ermənilərlə münasibətlərin aydınlaşdırılması üçün təyin etdikləri görüş isə hələ də baş tutmayıb.
Soydaşlarımızın APA-ya verdiyi məlumata görə, institutda baş verən hadisədən sonra azərbaycanlı və erməni tələbələr Bakı vaxtı ilə saat 20.00-da “Makdonalds” restoranının yaxınlığında görüş təyin etsələr də, ermənilər oraya gəlməyib. Əraziyə 100-dən çox azərbaycanlı tələbə toplaşıb. Ərazidə həmçinin Moskva milisinin xüsusi təyinatlı dəstələri var.
Qeyd edək ki, bu gün Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində keçirilən “Cənub-Qərb” sərgisində erməni və azərbaycanlı tələbələr arasında toqquşma baş verib. Universitetin mətbuat xidmətinin rəhbəri Qalina Kuzmina APA-ya verdiyi açıqlamada bildirib ki, toqquşmaya səbəb sərgi zamanı erməni tələbələrin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə rəqs etmək cəhdi olub: “Azərbaycanlı tələbələr ermənilərin bu hərəkətinə sərt şəkildə etirazlarını bildirdilər. Lakin universitetin rəhbərliyi narazılığın toqquşma həddinə çatmasına imkan vermədi. Azərbaycanlı və erməni tələbələr arasında qarşıdurma zamanı odlu, yaxud soyuq silahdan istifadə olunması haqqında məlumatlar əsassızdır”. Universitetin azərbaycanlı tələbələri isə APA-ya açıqlamasında ermənilərin qondarma “DQR” bayrağı ilə rəqs etməyə cəhd göstərdiklərini, lakin soydaşlarımızın buna imkan vermədiklərini deyiblər. Azərbaycanlı tələbələr ermənilərin əlindən bayrağı alaraq cırıblar. Bundan sonra tərəflər arasında toqquşma baş verib və erməni tələbələrdən biri soydaşlarımıza odlu silahdan atəş açıb. Nəticədə iki azərbaycanlı tələbə yaralanıb. Yaralılardan biri 64 saylı Moskva şəhər xəstəxanasına çatdırılıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən isə APA-ya bildirilib ki, Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verməsi və iki azərbaycanlı tələbənin güllə yarası alması barədə onlarda heç bir məlumat yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR