AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspert-koordinatoru ilə görüş olub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspert-koordinatoru ilə görüş olub
# 10 may 2007 15:35 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspert-koordinatoru Stefan Tanik və Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Sadıq Salahovla görüş keçirilib. AMEA-dan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda kəndli fermer təsərrüfatının inkişafı üçün lazım olan texniki-təminat sisteminin qurulması layihəsinin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub. FAO-nun ekspert-koordinatoru S.Tanik institutu öz imkanlarından istifadə edərək layihənin icrasına qoşulmağa, kompüter şəbəkəsinin qurulması, proqram təminatı məsələləri və bu sahədə kadrların yetişdirilməsi üzrə əməkdaşlığa dəvət edib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev 1995-ci ildən başlayaraq Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan aqrar islahatlar sayəsində bu sahədə yeni mülkiyyətçilərin yarandığını, istehsalın yeni strukturunun formalaşdığını və hazırda texnoloji tutumlu xüsusi iqtisadi zonaların yaradılması istiqamətində məqsədyönlü işlərin aparıldığını qeyd edib. FAO tərəfindən təqdim olunan bu layihənin ölkəmizdə aqrobiznesin inkişafı üçün irəliyə doğru addım hesab edən direktor əməkdaşlığın institut üçün də faydalı olacağını bildirib. Qeyd edək ki, respublikamızın FAO-ya üzv olduğu 11 il ərzində kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsinə, bazar iqtisadiyyatının əsaslarının və sahibkarlıq vərdişlərinin təkmilləşdirilməsinə, aqrar sahənin digər vacib problemlərinə həsr olunmuş layihələr həyata keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR