Cəbhə xəttinin Ağdam istiqamətində əsir götürülmüş Azərbaycan vətəndaşının şəxsiyyəti ilə bağlı dəqiqləşdirmə aparılır

Cəbhə xəttinin Ağdam istiqamətində əsir götürülmüş Azərbaycan vətəndaşının şəxsiyyəti ilə bağlı dəqiqləşdirmə aparılır
# 02 iyul 2007 14:01 (UTC +04:00)
APA-nın Ermənistanın “Panarmenian” Agentliyinə istinadən verdiyi məlumata görə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın hərbçiləri əsir götürülən şəxsin üzərində heç bir sənəd olmadığını bildiriblər. Qondarma “DQR” Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə bildirilib ki, heç bir suala cavab verməyən əsir götürülən şəxs özünü Quliyev Səməndər Namaz oğlu kimi təqdim edib. O, 1972-ci ildə Şuşada doğulduğunu, hazırda Ağdamın Üç oğlan kəndində məskunlaşdığını bildirib. Əlaqədar təşkilatlar araşdırma aparır. Faktla bağlı ATƏT-in və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağ nümayəndəliklərinə məlumat verilib.
APA-nın Qarabağ bürosunun araşdırması nəticəsində məlum olub ki, Ağdam rayonunda
yalnız 1964-cü il təvəllüdlü Quliyev Səməndər Rəsul oğlu qeydiyyatdan keçib ki, o da 1994-cü il fevralın 3-də Ağdamın Suma-Güllücə kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Ağdam rayon İcra Hakimiyyətindən verilən məlumata görə, indiyə qədər aparılan araşdırma nəticəsində Quliyev Səməndər Namaz oğlu adlı şəxs tapılmayıb. Araşdırmalar davam edir.
BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin əməkdaşı Gülnaz Quliyeva APA-ya Azərbaycan vətəndaşının əsir düşməsi barədə quruma məlumat verildiyini deyib. Onun sözlərinə görə, komitənin əməkdaşları hələlik əsirlə görüşməyiblər.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından hələlik münasibət öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR