Xaçmazda keçmiş Kondensator Zavodunun bir qrup işçisi aksiya keçirib

Xaçmazda keçmiş Kondensator Zavodunun bir qrup işçisi aksiya keçirib
# 03 iyul 2007 08:24 (UTC +04:00)
İyulun 2-də günortadan sonra keçmiş Kondensator Zavodunun 30 nəfərə yaxın fəhləsi vaxtilə müəssisəyə məxsus olmuş və özülü qoyulmuş binanın ərazisində etiraz aksiyası keçirib. Aksiyaçılardan Fəridə Alimova və Zemfira Əliyeva APA-nın şimal bürosuna bildiriblər ki, Sovetlər Birliyi dağılmazdan öncə bu yerdə fəhlələr üçün 66 mənzilli yaşayış binası inşa edilirdi. Bundan ötrü onlardan vəsait də yığılıb, mənzillərin orderləri isə fəhlələrə binanın özülü qoyulanda paylanılıb. Müəssisə fəaliyyətini dayandırdıqdan sonra bina indiyədək tikilməmiş qalıb. Aksiya iştirakçılarının dediyinə görə, 2002-ci ildə sabiq icra başçısı Əbülfəz Hüseynovun iddiası əsasında Xaçmaz Rayon Məhkəməsi orderləri ləğv edib. Bu il martın əvvəllərində Apellyasiya Məhkəməsi iddiaçının tələblərini əsassız sayaraq Xaçmaz Rayon Məhkəməsinin qətnaməsini ləğv edib və orderləri qüvvədə saxlayıb. Bu yaxınlarda isə həmin ərazini xaçmazlı iş adamlarından biri satın alıb. Keçmiş fəhlələr də bundan qəzəblənərək küçələrə çıxıblar. Onlar ya binanın dövlət tərəfindən tikilməsini, ya da ərazinin keçmiş fəhlələrə təhvil verilməsini tələb edirlər. Məsələyə aydınlıq gətirən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Akif Mərdanov APA-nın şimal bürosuna açıqlamasında deyib ki, SSRİ dağıldıqdan sonra özülü qoyulmuş bina İqtisadi İnkişaf Nazirliyinin balansına keçib. Yerli sahibkar da ərazini bu qurumdan satın alıb. Odur ki, problem məhkəmə yolu ilə həllini tapmalıdır.
Qeyd edək ki, Xaçmaz şəhərində yerləşən keçmiş Kondensator Zavodu Rusiyanın Tula şəhərindəki hərbi müəssisələrdən birinin filialı olub. Vaxtilə bu zavodda işləyənlər arasında müxtəlif xəstəliklərə yoluxanlar var. Bəzilərinin şikəst uşaqları da dünyaya gəlib. Həkimlərin qənaətincə, müəssisədə istehsal prosesi zamanı insan orqanizmi üçün təhlükəli olan elementlərdən istifadə edilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR