Donetsk-Bakı sərnişin təyyarəsi “Türkmənbaşı” aeroportundan Bakıya qayıdıb

Donetsk-Bakı sərnişin təyyarəsi “Türkmənbaşı” aeroportundan Bakıya qayıdıb
# 30 iyul 2007 10:55 (UTC +04:00)
Təyyarə bir müddət Türkmənbaşı aeroportunda qaldıqdan sonra bu gün saat 12.30 radələrində Bakıya enib. Təyyarənin sərnişinləri arasında olan, jurnalist Tatyana Çaladze APA-ya bildirib ki, Türkmənbaşıya enəndə gecə olduğu üçün sərnişinlərin təyyarəni tərk etməsinə icazə verilməyib, 108 sərnişin, o cümlədən 20-dən çox uşaq 2 saat təyyarədə gözləməli olub. Sonra sərnişinləri gözləmə yerinə aparıblar. Təyyarənin kapitanı bildirib ki, “Türkmənbaşı” hava limanına göstərilən xidmət və yanacaq üçün 4.800 ABŞ dolları ödənilməlidir. Həmin vəsait sərnişinlərdən yığılıb və bildirilib ki, pullar Bakıda qaytarılacaq. Sərnişinlər arasında Xarkovdan olan Əliyev qardaşları vəsaitin yarısını ödəyiblər, qalan vəsait isə digər sərnişinlərdən toplanıb. Tələb olunan vəsait “Türkmənbaşı” hava limanına verildikdən sonra təyyarə Bakıya üz tutub. Bakıda təyyarənin məxsus olduğu “Aerosvit” şirkətinin nümayəndəsi sərnişinləri qarşılayıb və həmin vəsaiti onlara qaytarıb.
T. Çaladzenin sözlərinə görə, onların təyyarəsi ilə eyni vaxtda Bakıya eniş etmək istəyən İstanbuldan gələn təyyarəni Bakı qəbul edib, London və Tehrandan gələn təyyarələr isə Gəncədə məcburi eniş etməli olub.
“AzAL” aviaşirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsul əməkdaşı Məhərrəm Səfərli isə APA-ya bildirib ki, təyyarənin Bakıda enə bilməməsinin səbəbi dumanlı hava şəraiti olub və təyyarə bu gün qəbul edilib. Sərnişinlərdən pul yığılmasına dair sualı isə o, Donetsk aviaşirkətinə ünvanlamağı tövsiyə edib. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR