Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov daha bir neçə cinayətdə günahlandırılır

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov daha bir neçə cinayətdə günahlandırılır
# 07 sentyabr 2007 10:52 (UTC +04:00)
APA-nın Şimal bürosunun məlumatına görə, Məcidova bacılarının qətlə yetirilməsi ilə əlaqədar Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qaldırdığı 17750 saylı cinayət işini araşdıran müstəntiqlərdən biri Dağ Bilici kəndinə gəlib. Müstəntiq məktəblilər Aygül və Gülbinar Ramazanovalardan və Sevgül adlı kənd sakinindən izahat alıb. Verilən məlumata görə, Nigar və Reyhanə Məcidovaların öldürüldüyü gün səhər saatlarında Aygül və Gülbinar Ramazanovalar bulaqdan su gətirməyə gedərkən Təvəkkül İsmayılovla rastlaşıblar. Təvəkkül şübhəli şəkildə bir neçə dəfə qızlara baxaraq bulağın başına fırlanıb. Yalnız qızların yaxın qohumu Dəyanət İsayevi bulaqda görəndən sonra ərazidən uzaqlaşıb. Ehtimallara görə, Təvəkkül qızları oğurlamaq istəyib, lakin Dəyanətin gəlişi onun planını pozub. Bundan bir qədər sonra isə böyürtkən yığan Nailə və Reyhanə Məcidovalar onun qurbanına çevriliblər. Qələgah bələdiyyəsinin sədri Hikmət Vahabov isə APA-nın Şimal bürosuna Təvəkkül İsmayılovun son vaxtlar əhali arasında xaos ,qarışıqlıq və vahimə yaratmaq istədiyini deyib: “Məlum hadisədən əvvəl Təvəkkül İsmayılov kənd bələdiyyəsinin qapısını sındıraraq içəri girib və sənədlərə baxıb, lakin bələdiyyə binasından heç nə aparmayıb. Bundan başqa Təvəkkül kənddə heç kəsin yaşamadığı, amma içərisində avadanlıqlar olan beş evə soxulub, lakin bu evlərdən də heç nə götürməyib. Hadisələrdən öncə Təvəkkül dörd baş iribuynuzlu mal-qara da oğurlayıb. Mal sahibləri bu faktla bağlı rəsmi şəkildə Dəvəçi rayon polis şöbəsinə müraciət etsələr də, oğrunu həbs etməyiblər”. Bələdiyyə sədri Nailə və Reyhanə Məcidovaların itkin düşməsi xəbərindən dərhal sonra əhalinin hazırda həbsdə olan Təvəkkülün qardaşı Elnur İsmayılovun evinə hücum etməsinin səbəblərini də açıqlayıb: “Elnur qız-gəlinə çox sataşırdı. Onlar belə hərəkəti edə bilən adamlar kimi tanınırdılar”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR