Laçın sakini Masallıda bıçaqlanıb

Laçın sakini Masallıda bıçaqlanıb
# 12 noyabr 2007 08:30 (UTC +04:00)
Masallıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Belə ki, Masallı Mərkəzi Rayon Xəstəxanasından (MRX) polis şöbəsinin növbətçi hissəsinə Laçın rayonunun Mirik kənd sakini Qoşqar Ağalarovun qan içində xəstəxanaya gətirildiyi barədə xəbər daxil olub. Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları xəsarət almış şəxsin əlaqələrini öyrənib araşdırıblar. Məlum olub ki, Q. Ağalarov Masallı şəhərində yenicə kirayə ev tutan baldızıgilə qonaq gedib. O, bu evdə digər bir ailənin də kirayə qaldığını öyrənib. Bu ailə ilə tanış olub axşam yeməyi zamanı birlikdə yeyib-içərək, tanışlıqlarını qeyd ediblər. Yeyib-içdikdən sonra tərəflər arasında mübahisə düşüb, mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Qana boyanan Qoşqar dostuna zəng edərək onu xəstəxanaya aparmasını xahiş edib. Şübhəli şəxs qismində saxlanılan Fərasət Mirzəyev polis şöbəsində hər şeyi etiraf etsə də, Qoşqarın onun tərəfindən bıçaqlanmadığını bildirib. Qeyd edək ki, F. Mirzəyev üç dəfə məhkum olunub, bunlardan biri də qəsdən adam öldürməyə görədir. Şahid ifadələrinə əsasən Fərasət Mirzəyevin hadisəni törətməsi sübuta yetirilib. Fakt üzrə Masallı RPŞ-də CM-nin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR