Bakı - APA. “Azərbaycan iqtisadiyyatında hazırda neft və qazın payı 30 faizdir. Biz neftdən əldə etdiyimiz gəliri iqtisadiyyatımıza yatıraraq, onu diversifikasiya edirik"
APA-nın məlumatına görə, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş aparır: “Enerji siyasətimiz imkan verdi ki, Azərbaycan özü də xarici ölkələrə sərmayə qoysun. Müstəqilliyimizin ilk illərində Azərbaycan sərmayə baxımından xaricdən asılı idi. Biz indi özümüz xarici ölkələrə, o cümlədən Türkiyəyə sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. dollar təşkil edir Bu gün enerji məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki enerji resursları və şaxələndirilmiş ixrac şəbəkəsi bizdə var. Biz qarşılıqlı fayda əsasında işimizi qururuq”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyənin inkişafına sevinir: “Türkiyə və Azərbaycanın münasibətləri barədə təkcə onu xatırlatmaq istəyirəm ki, Türkiyə “20-lər” Sammitinə bir ölkə dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi”.
Prezident əlavə edib ki, Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr uğurla davam etdirilir: "Azərbaycanla Türkiyənin dostluğu daimi, əbədi, sarsılmazdır".