Bakı – APA. Cüdo üzrə Azərbaycan millisinin qatılacağı növbəti yarış bəlli olub. Apasport.az saytının məlumatına görə, Peter Zayzenbaherin başçılıq etdiyi yığmamız növbəti səfərini Bolqarıstana edəcək.
Avstriyalı mütəxəssis əsas heyətlə Kubada təlim-məşq toplanışında olduğu üçün yarışlarda komandaya namizədləri sınayır. Bolqarıstanda keçiriləcək açıq Avropa çempionatı da millimiz üçün seçim xarakteri daşıyacaq. Yanvarın 30-da Sofiyada start götürəcək yarışa ölkəmiz nə az, nə çox – 22 cüdoçu ilə qatılacaq. Bəzi çəkilərdə tatamiyə 4, bəzilərində 3 idmançı çıxacaq.
Məşqçilər korpusu çempionatda Vüqar Şirinli, Davud Məmmədsoy, Oruc Vəlizadə, Elburus Zamanov (hamısı 60 kq), Telman Vəliyev, Rəşad Rufullayev, İlkin Babazadə (hər üçü 66 kq), Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (hər üçü 73 kq), Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hər üçü 81 kq), Məhəmmədəli Meydiyev, Tural Səfquliyev, Vasif Şərbətli (hər üçü 90 kq), Firudin Dadaşov, Musa Şəkərəliyev, Jəlil Şükürov (hər üçü 90 kq), Ayşə Qurbanlı (48 kq), Xanım Hüseynova və Validə Mirzəzadəni (hər ikisi 63 kq) yoxlayacaq.
Qeyd edək ki, yarışa ümumilikdə 58 ölkədən 458 (279 kişi, 179 qadın) idmançı qatılacaq. Əsas yığmamız isə yanvarın 22-24-də Kubada Qran-pridə iştirak edəcək.