IDEA İctimai Birliyi və "Təmiz Şəhər" fotomüsabiqə keçirir

IDEA İctimai Birliyi və "Təmiz Şəhər" fotomüsabiqə keçirir
# 01 mart 2016 08:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ətraf mühitin qorunması və tullantıların azaldılması məsələlərinin təbliği, əhalinin, xüsusilə də gənclərin tullantılarla və onların ətraf mühitə mənfi təsirləri ilə bağlı maarifləndirilməsinin təşkili məqsədilə IDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Tullantım azalsın” adlı fotomüsabiqəyə start verilir.

“Təmiz Şəhər”dən “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən istər peşəkar, istərsə də həvəskar fotoqraflar “Təmiz Şəhər”in www.tullantim.az saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Daha sonra tullantıların ətraf mühitə təsirini əks etdirən fotoşəkili saytın “Fotomüsabiqə” bölməsinə yükləyə, yaxud musabiqe@tullantim.az e-mail ünvanına göndərə bilərlər.

Təqdim olunan şəkillər fotoqrafın özünə aid olmalı, ekologiyanın qorunmasının, tullantıların azaldılmasının, sağlamlığa mənfi təsir edən amillərin aradan qaldırılmasının vacibliyini göstərməli və insanları Planetimizi təmiz saxlamağa, onun qayğısına qalmağa, təbiəti çirkləndirməməyə təşviq etməlidir.

Fotoların qəbulu aprelin 20-dək davam edəcək. Daha sonra IDEA İctimai Birliyi və “Təmiz Şəhər”in nümayəndələrindən, həmçinin müstəqil peşəkar fotoqraflardan ibarət münsiflər heyəti ən təsirli 3 fotonu seçərək qalibləri müəyyən edəcək. Sonda qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqə barədə daha ətraflı məlumatı www.tullantim.az saytından əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR