Bakı-APA. “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Prezident deyib ki, daxili tələbat 100 faiz təmin edilməlidir, ixrac maksimum olmalıdır: “İxrac bazarları da müəyyən edilməlidir. Bizim ənənəvi ixrac bazarımız var, bu, Rusiyadadır. İndi Rusiyada böyük kənd təsərrüfatı layihələri icra edilir. Onlarda da idxaldan asılılıq azalır. Ona görə, biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq. Buna görə biz artıq “Made in Azerbaijan” brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər. Yoxsa biz burada gözləyirik ki, kimsə gəlib bizdən nə isə alacaq. İndi bütün şirkətlər, ölkələr bazarlar uğrunda mübarizə aparırlar. Ona görə, bu, yeni bir yanaşma olmalıdır. Həm dövlət orqanları təşkil etməlidir, həm sahibkarlar özləri maraqlı olmalıdırlar və mütləq burada valyutanın hərəkətinə də diqqət yetirilməlidir. Çünki ixraca gedən məhsulun pulu bəzi hallarda ya 50 faiz, ya da 100 faiz qayıtmır. Ona görə, burada çox ciddi nəzarət olmalıdır. İndi ixracın təşviqi ilə bağlı yeni sistem qurulur və bu, orada da nəzərdə tutulur. Bu, 100 faiz şəffaf olmalıdır və heç bir pozuntuya yol verilməməlidir”.
Dövlət başçısı qeyd edib ki, sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilir: “Bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır”.
Prezident həmçinin qeyd edib ki, 2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir veriləcək: “İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik. Bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Bank sektoru şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir”.