Moskva. Fərid Əkbərov - APA. Moskvadakı Dövlət Tretyakov Qalereyasında ilk dəfə tanınmış fırça ustası, Azərbaycanın, Rusiyanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun fərdi sərgisinin açılışı olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Tretyakov Qalereyasının 160 illiyinə həsr olunmuş “Günəş zenitdə” adlı sərgi martın 20-dək davam edəcək.
Açılış mərasimində çıxış edən Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova Tahir Salahov kimi dünya şöhrətli rəssamın fərdi sərgisinin keçirilməsini düzgün, çox vacib və lazımi olduğunu söyləyib: "Sərgi "Günəş zenitdə" adlanır və bu, layihə üçün düzgün addır. Bu sərgi əslində böyük ciddi proqramın tərkib hissəsidir. Bu gün çoxları 60,70,80-ci illərin incəsənətini unudublar. Bu gün ki nöqteyi-nəzərdən həmin dövrün incəsənət əsərləri XX əsr incəsənət tarixinin böyük bir dövrünü təşkil edir. Tahir Salahov da həmin dövrün rəssamlarına aiddir. Tahir Salahovun yaradıcılığı Viktor Popov və Yuri Korşunovun yaradıcılığı kimi Rusiya mədəniyyətinin önəmli xəzinəsidir".
Tahir Salahov isə çıxışında sərgisini təşkil etdiklərinə görə Tretyakov Qalereyasının rəhbərliyinə təşəkkürünü bildirib: "Bu gün mənin üçün sevindirici gündür. Tretyakov muzeyinin divarları arasında, rus incəsənətinin məbədində mənim fərdi sərgim keçirilir. Bu gün bura gələndə çox təəccübləndim. Üç gün ərzində belə sərgi təşkil etmək sadə bir iş deyil. Əsərlərin ekspozisiyada necə dəqiq yerləşdirilməsi məni təəccübləndirdi. Hər şey mükəmməl təşkil olunub. Burada rus incəsənətinin dahi klassiklərinin, xarici tanınmış rəssamların əsərləri sərgilənib. Ona görə də çox şad və xoşbəxtəm ki, bu gün əsərlərim Tretyakov Qalereyasını bəzəyir".
Qeyd edək ki, sərgidə təsviri sənətdə “sərt üslubun” aparıcı nümayəndəsi olan rəssamın Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də özünün Bakıdakı ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş etdirilir.
Rəssamın Tretyakov qalereyasında yer alan “Aydan” (1967), “Qırmızı istiotlarla natürmort” (1977), “Xəzərdə səhər” (1986) və s. əsərləri sərgiyə çıxarılıb.