“Azərsu” Göyçayda tullantı sutəmizliyici qurğunun tikintisinə başlayıb

“Azərsu” Göyçayda tullantı sutəmizliyici qurğunun tikintisinə başlayıb
# 07 oktyabr 2016 12:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın sonuncu mərhələsi çərçivəsində Göyçay şəhəri üçün tullantı sutəmizliyici qurğunun tikintisinə başlanılıb.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,  “Azərsu”nun sifarişi ilə  həyata keçirilən layihəyə uyğun olaraq Göyçay rayonunun Şəhadət kəndi yaxınlığında məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilir. Qurğu 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 45 min sakinə xidmət göstərməklə ekoloji tarazlığın qorunmasına töhfə verəcək.

 

Layihəyə əsasən qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu  və yağ ayırıcı kameralar,  bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması  üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya  və digər sistemlər quraşdırılacaqdır. Tullantı  sutəmizləyici qurğu kompleksində inzibatı bina, kompressor, transformator, lilsıxlaşdırma binaları, SCADA  otağı və digər yardımçı binaların  yaradılması da nəzərdə tutulur.

 

Qeyd edək ki, "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın əvvəlki mərhələlərində Göyçay şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılıb. Şəhərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 7 subartezian quyusu qazılmış, ümumi tutumu 7000 kubmetr olan 5 ədəd su anbarı tikilib.

 

Eyni zamanda, Göyçay şəhərində 147 km içməli su şəbəkəsi inşa edilib, 9761 ünvana birləşmə verilərək sayğaclaşma işləri aparılıb. Görülmüş işlər nəticəsində şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunub. Layihə çərçivəsində şəhərdə 123 km kanalizasiya şəbəkəsi yaradılmış və ünvanlara birləşmələr verilib.

 

Qeyd edək ki, oktyabrın 6-da prezident İlham Əliyev Göyçaya səfəri çərçivəsində içməli su təchizatı sistemləri  və kanalizasiya şəbəkəsinin istismara verilməsi  mərasimində iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR