Bakı-APA. Moskva şəhər Qaqarin məhkəməsində xarici markalı avtomobildə yürüşə çıxan şəxslərlə bağlı məhkəmə prosesi keçirilib və hakim onları hakimiyyət nümayəndələrinə təhqir etmə maddəsi ilə təqsirli bilib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, aralarında “Lukoyl şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarovun da olduğu 3 nəfər həmçinin hakimiyyət nümayəndələrinə güc tətbiq etməklə təhdid etmə maddəsi ilə də təqsirli bilinirlər. Hələlik hökm sona qədər oxunmayıb. Dövlət ittihamçısı məhkəmədən Şamsuarov, Məcidov və Uskova 2 il 7 ay azadlıqdan məhrum edilmə cəzası istəyib.
Xatırladaq ki, bu il mayın 22-də Yol-patrul xidməti əməkdaşları yol hərəkəti qaydalarını pozan “Mercedes-Benz Gelandewagen” markalı avtomobili saxlamağa çalışıblar. Sürücü yüksək sürətlə hərəkət edərək, piyada üçün nəzərdə tutulmuş ərazidən keçib və bütün bunları “Periscope”la birbaşa yayımlayıb. Daha sonra onlar avtomobili qoyaraq qaçmağa çalışıblar.