Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin olunmaması barədə qərar qəbul olunub.
Qeyd edək ki, kassasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarından verilib. Şikayətdə onların barəsində olan hökmün ləğv edilməsi, İlqar Məmmədovun azadlığa buraxılması istənilib.
Ötən ilin oktyabr ayında Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsinin qətnamələrinə əsasən verilən kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
Bu ilin aprel ayında Şəki Apellyasiya Məhkəməsində həmin iş üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə İ.Məmmədov və T. Yayublu barəsində bəraət hökmü çıxarılması barədə verilən vəsatətləri təmin etməyib.
Bu gün baxılan kassasiya şikayəti həmin qərardan verilib.
Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş verən hadisələrlə bağlı həbs olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.
T. Yaqublu prezident İlham Əliyevin bu il mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.