Kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika sahələri bu gün prioritet sayıla bilər - Xaqani Quluzadə
Azərbaycan iqtisadiyyatı daha qənaətbəxş mövqelərə gəlib çıxmağa nail olacaq - Xaqani Quluzadə
Azərbaycanı regionun aparıcı iqdisadi mərkəzinə çevirmək üçün yetərincə potensial var - Xaqani Quluzadə
Xaqani Quluzadə - bank işi, maliyyə, investisiya, inşaat və sənaye sahələri üzrə ekspert, top-menecer.
2010-2013-cü illərdə qeyri-neft sektorundakı nəhəng transmilli korporasiyalardan birinə rəhbərlik edib. Həmin vaxtadək Azərbaycanın aparıcı banklarında İdarə Heyəti sədrinin birinci müavini və İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə çalışıb. Avrobondların beynəlxalq maliyyə bazarlarında müvəffəqiyyətlə yerləşdirilməsini həyata keçirmiş işçi qrupuna rəhbərlik edib. Bakıdakı texniki-humanitar elmlər liseyini qızıl medalla bitirib. Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək, iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Bundan əlavə, Bakı Dövlət Universitetində hüquq üzrə magistr dərəcəsinə yiyələnib. “Milli iqtisadiyyatın inkişafı prosesində dövlət investisiya siyasətinin prioritetləri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) Ali İdarəetmə kadrları üçün Qlobal İdarəetmə (Executive Global Masters in Management) proqramı üzrə magistraturasını müvəffəqiyyətlə bitirərək, “Azərbaycanda birbaşa xarici investisiyaların səmərəliliyi” mövzusunda dissertasiya müdafiə edib və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi alıb.
Peşəkar fəaliyyət sahəsində Avropa Biznes Assambleyası tərəfindən iki dəfə - 2011-ci ildə Oksfordda (Böyük Britaniya) və 2013-cü ildə Londonda (Böyük Britaniya) ən yaxşı idarəetməyə görə “İlin Top Meneceri” mükafatlarına layiq görülüb.
Ümumilikdə 18 illik menecerlik təcrübəsi var. Beynəlxalq maliyyə institutları, investisiya fondları və dünyanın aparıcı bankları ilə zəngin iş təcrübəsinə sahibdir.
“Qızıl əlcək” idman klubunun təsisçisi, Azərbaycan Kikboksinq Federasiyasının həmtəsisçisidir. Azərbaycan, türk, ingilis və rus dillərini sərbəst bilir. Ailəlidir. Üç övladı var.
Azərbaycan Avropa-Asiya nəqliyyat dəhlizində hər zaman qovuşma nöqtəsi, körpü rolunu oynayıb
Caspian Energy (CE): Bu gün Azərbaycanda ciddi islahatlar həyata keçirilir, müxtəlif sahələrin inkişafı üzrə yol xəritələri qəbul edilir. Necə düşünürsünüz, iqtisadiyyatın hansı istiqamətləri qeyri-neft sektorunun inkişaf drayverinə çevrilə və ixracyönümlü məhsulların istehsalının inkişafı nöqteyi-nəzərindən daha prioritetli ola bilər?
Xaqani Quluzadə: Öncə onu qeyd etməliyəm ki, Azərbaycandakı bugünkü iqtisadi vəziyyət qonşu respublikalarla müqayisədə daha qənaətbəxşdir. Bundan əlavə, həm Avropa, həm ABŞ, həm də digər regionlarda qlobal maliyyə böhranının fəsadları hələ də aradan qaldırılmayıb.
Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar və verdiyi tapşırıqlar hazırda icra mərhələsindədir. Fikrimcə, Azərbaycan iqtisadiyyatı daha qənaətbəxş mövqelərə gəlib çıxmağa nail olacaq. Proqnoz vermək, əlbəttə ki, çətindir, lakin əvvəlki illərlə müqayisədə neftin qiymətində indi artım müşahidə olunur. Bir barrelə görə qiymət 50-60 dollar civarında dəyişir. Şübhəsiz ki, bu da iqtisadiyyatın inkişafı üçün əlavə təkandır. Azərbaycanda təkcə neft deyil, qeyri-neft sektoru da inkişaf edir. Bu sahə ilə bağlı daha böyük ümidlərimiz var.
Mənim fikrimcə, kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika sahələri bu gün prioritet sayıla bilər. Bu istiqamətdə atılan addımlar yaxın illərdə öz bəhrəsini verəcək və Azərbaycan qeyri-neft sektoru hesabına öz inkişafını təmin edəcəkdir.
Sözsüz ki, qeyri-neft sektorunda ilk növbədə kənd təsərrüfatının inkişafına diqqət yetirilməlidir. Bu, ilk növbədə ərzaq təhlükəsizliyinin yüksəldilməsi, məşğulluğun artırılması üçün vacibdir. Digər tərəfdən, daxili tələbat ödəndikdən sonra artıq kənd təsərrüfatı malları sərbəst şəkildə yaxın bazarlara yönəldiləcək. Söhbət həm əkinçilik, həm də heyvandarlıq məhsullarından gedir.
Azərbaycanı Qafqazın maliyyə-bank mərkəzinə çevirmək üçün yetərincə potensial var
Nəqliyyat-logistika da olduqca maraqlı sahədir. Azərbaycan Avropa-Asiya nəqliyyat dəhlizində hər zaman qovuşma nöqtəsi, körpü rolunu oynayıb. Bu istiqamətdə vahid tarif siyasətinin müəyyən edilməsi üçün olduqca mühüm addımlar atılır. Yeniliklər ölkəmizə çox böyük mənfəət gətirəcək. Eyni zamanda logistik Şimal-Cənub dəhlizi istiqamətində də ciddi addımlar atılır. Yük mübadiləsinin genişləndirilməsi və intensifikasiyası üçün bütövlükdə həm dəmiryol, həm də dəniz daşınmaları təkmilləşdirilməlidir. Bu sektor ölkəyə valyuta axını baxımından daha cəlbedicidir.
Turizm potensialı xüsusilə vurğulanmalıdır. Bu sahə həm ölkənin tanınması, həm də ölkə iqtisadiyyatının canlandırılması üçün əlavə dividentlərin əldə olunması baxımından vacibdir.
Ölkənin maliyyə-bank sektoru da olduqca maraqlıdır. Bu sahə hal-hazırda ən yaxşı günlərini yaşamasa da, Azərbaycanı Qafqazın maliyyə-bank mərkəzinə çevirmək üçün yetərincə potensial var.
Əhalinin maliyyə-bank sisteminə etimadını geri qaytarmaq lazımdır
CE: Maliyyə sektorunu inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
Xaqani Quluzadə: İlk növbədə əhalinin maliyyə-bank sisteminə olan etimadını geri qaytarmaq lazımdır. Bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin müflisliyi və yarıtmaz fəaliyyəti vətəndaşların ölkənin maliyyə-bank sektoruna inamının itirilməsi ilə nəticələndi. Bu etibarı geri qaytarmaq üçün müəyyən addımlar atılmalıdır. Hal-hazırda icra hakimiyyəti orqanları maliyyə sektoruna olan inamı bərpa etməkdən ötrü müəyyən qərarlar qəbul edirlər. Amma bu addımlar tənzimləyici strukturları tərəfindən gücləndirilməlidir. Bu işdə KİV-in də rolu danılmazdır. Maliyyə sahəsi ilə bağlı bədbinliyi aradan qaldırmaq üçün bu sahədə görülən müsbət işləri işıqlandırmaq lazımdır. Bütün bunlar daxili proseslərlə bağlı məsələlərdir. Bundan əlavə, qeyd edilən sahənin dayanıqlılığını artırmaqdan və xarici kapitalın ölkəyə cəlb etməkdən ötrü kommersiya banklarımız beynəlxalq qurumlarla əməkdaşlığı möhkəmləndirməlidir.
CE: Yerli məhsulların beynəlxalq fond bazarlarına çıxarılması Sizə nə dərəcədə real görünür?
Xaqani Quluzadə: Hal-hazırda şirkətlərimiz İPO-ya çıxacaq və dünya fond bazarlarında qiymətləndiriləcək səviyyəyə çatmayıblar. Zənnimcə, yaxın illərdə İPO qoyulmuş məqsədlərlə səsləşməyəcək, amma qabaqcıl şirkətlərin strateji məqsədləri qismində dünyanın əsas fond bazarlarında qiymətləndirilmək zəruri olacaq. Bunun üçün zamana ehtiyac var. Yerli bazarda, xüsusilə də Bakı Fond Birjasında müəyyən təcrübə toplandıqdan sonra şirkətlərimiz beynəlxalq bazarlara açıla biləcəklər.
Hesab edirəm ki, beynəlxalq institutlarla əməkdaşlıq qurmuş və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını tətbiq etmiş ölkənin bank sektorunun 5 il əvvəl İPO keçirmək üçün gözəl imkanları olub. Lakin bir müddət əvvəl bir sıra bankların bağlanması və bank sektorunda yaşanmış bəzi xoşagəlməz hadisələr bu prosesi müəyyən qədər ləngitdi. Mənim fikrimcə, yaxın 3 il ərzində daxili bazarda İPO gözləmək o qədər də real deyil.
Qazax rayonunda Qafqazın ən böyük sement zavodu istifadəyə verilib
CE: Siz uzun illər maliyyə sahəsində işləmisiniz, ölkənin aparıcı banklarının sədri və sədrin birinci müavini vəzifələrində çalışmısınız. Neftin qiymətinin yüksək olduğu vaxtlarda Azərbaycanda qabaqcıl təcrübə, yeni bank məhsulları tətbiq olunurdu. Bu sahədə hansı istiqamətlər valyuta axınının ölkəyə cəlb edilməsi üçün daha maraqlıdır?
Xaqani Quluzadə: 2003-2010-cu illərdə Azərbaycan banklarında rəhbər vəzifələrdə işləmişəm. Həmin dövrdə biz bazara maraqlı məhsullar çıxara bilirdik. Özəl bank sektorunda ilk dəfə olaraq avrobondların emissiyasını həyata keçirə və onları xarici bazarlarda uğurla yerləşdirə bildik. Bu yolla yerli bazara ucuz maliyyə vəsaitlərini cəlb etməyə nail olduq.
Digər mühüm məqam kimi City Group, Morgan Stanley, JP Morgan kimi maliyyə nəhəngləri ilə əməkdaşlığı qeyd edə bilərəm. Bunun sayəsində ucuz maliyyə resurslarını bazara cəlb etməyə və yerli bazardakı müştərilərimizin tələbatını müəyyən dərəcədə ödəməyə müvəffəq olduq.
Müxtəlif ölkələrin nəhəng investisiya fondları ilə də ciddi işbirliyi qurub müəyyən nailiyyətlər əldə etdik. Fikrimcə, bu barədə danışarkən diqqəti beynəlxalq əməkdaşlığa yönəltmək lazımdır. Əsas məqsəd ucuz maliyyə resurslarını ölkəyə cəlb etmək olmalıdır. Daxili ehtiyatlarımız çox olsa da, onu kənardan cəlb edilmiş maliyyə vəsaitləri ilə müəyyən qədər balanslaşdırmaq lazımdır. Burada qısamüddətli əməliyyatlara yox, daha uzunmüddətli - 5-7 illik resurslara istiqamətlənmək lazımdır.
Beynəlxalq şirkətlərinin vasitəçiliyi ilə biz ilk dəfə audit təşkil etdik
CE: Siz həmçinin uzun illər ərzində qısa vaxtda beynəlxalq korporasiyaya çevrilmiş qeyri-neft sektorunun nəhəng şirkətlərindən birinin rəhbəri olmusunuz. O zaman şirkətə hansı ümidlərlə gəlmişdiniz və onu Avropadan tutmuş Asiyaya kimi tanıtmağa necə nail oldunuz?
Xaqani Quluzadə: Bu, bir nəfərin deyil, böyük bir komandanın əməyinin nəticəsi idi. Şirkətin 2010-2013-cü illərdəki fəaliyyətinə nəzər yetirsək, onun Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Türkiyə və Özbəkistanda mühüm layihələr həyata keçirdiyini görərik. Bunlar ölkə miqyaslı yox, daha çox regional layihələr idi. Bu layihələrin hamısının açılışı həmin dövlətlərin ən ali ölkə rəhbərlərinin iştirakı ilə baş tutub. Həmçinin beynəlxalq maliyyə qurumlarının maliyyələşdirdiyi şəffaf layihələr olaraq qiymətləndirilib.
Azərbaycanda da həmin vaxtlarda irimiqyaslı infrastruktur layihələr – körpü, tunel, magistralların inşası həyata keçirilir və ölkə başçısının birbaşa iştirakı ilə təhvil verilirdi.
Qeyri-neft sektorunun inkişafı məqsədilə 2007-ci ildə Qazax rayonunda təməli cənab Prezident tərəfindən qoyulmuş sement zavodu istifadəyə verildi. Bu zavod Qafqaz regionunun ən iri sement zavodudur. Almaniyada nümayəndəliyin açılması da Azərbaycan şirkəti üçün əlamətdar hadisə idi. Deloitte və PricewaterhouseCoopers beynəlxalq şirkətlərinin vasitəçiliyi ilə biz ilk dəfə audit təşkil etdik.
Ümumilikdə güclü kadr potensialı formalaşdırıldı. Güclü komanda işi müşahidə olunurdu. Dövlətimizin artan nüfuzu və üzərimizdə hiss etdiyimiz dəstək sayəsində beynəlxalq tenderlərdə iştirak zamanı böyük uğurlar qazana bildik.
Fəaliyyətimiz Londonda (Böyük Britaniya) və Parisdə (Fransa) yüksək qiymətləndirildi və Avropa Biznes Assambleyasının nüfuzlu mükafatlarına layiq görüldük.
Bundan sonra dövlətimizin dəstəyilə mən London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) təhsil proqramına qoşuldum. İki illik kursu “Azərbaycanda birbaşa xarici investisiyaların səmərəliliyi” mövzusu üzrə elmi işin müdafiəsi ilə bitirdim. LSE-də dissertasiya böyük maraqla qarşılandı və fərqlənməyə layiq görüldü. Həmin dissertasiya hazırda istifadə olunmaq üçün LSE-nin kitabxanasında saxlanılır.
Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi ilk gündən biz idmançılara göstərilən diqqət və qayğını hiss edirik
CE: Gələcəklə bağlı hansı planlarınız var?
Xaqani Quluzadə: İlk növbədə mənə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) təhsil almaq imkanı yaratdığına görə dövlətimizə minnətdaram. Qeyd etmək istəyirəm ki, LSE-də təhsilimi başa vurduqdan sonra Kanada və Sinqapurun nəhəng korporasiyalarından top-menecer vəzifəsində çalışmaq təklifi aldım. Hal-hazırda bir sıra transmilli şirkətlər və investisiya fondları ilə əməkdaşlıq edirəm və onlara konsultativ xidmət göstərirəm.
Gələcəklə bağlı ciddi planlarım var. İlk növbədə bu illər ərzində topladığım bütün təcrübə və biliklərimi dövlətimiz və onun iqtisadiyyatı naminə istifadə etməyi düşünürəm. Öz potensialımı Azərbaycanda bu istiqamət üzrə gerçəkləşdirməyə çalışacağam.
“Qızıl əlcək” idman klubu hələ uzun illər beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəldəcək idmançılar yetişdirəcək
CE: Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir. İlk Avropa Oyunlarının, Formula-1 yarışlarının Bakı mərhələsinin təşkili, IV İslam Həmrəylik Oyunlarına hazırlıq bunun sübutudur. Siz özünüz də uzun müddət idmanın inkişafına xüsusi diqqət yetirmisiniz. “Qızıl əlcək” idman klubuna göstərdiyiniz qayğı nəticəsində Azərbaycan bayrağını yüksəltmiş neçə-neçə Avropa və dünya çempionu yetişib. İdmana olan bu marağınız haradan qaynaqlanır?
Xaqani Quluzadə: Gənclərimiz arasında idmana olan marağın əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi ilk gündən biz idmançılara göstərilən diqqət və qayğını hiss edirik.
Mənə gəlincə, idmana uşaq vaxtımdan böyük həvəsim var. Əvəllər “Dinamo” idman cəmiyyətində cüdo ilə məşğul olmuşam. Tələbəlik illərində isə kikboksinqlə maraqlanmağa başladım. 1998-ci ildə “Qızıl ələk” idman klubunu təsis etdim. Bu illər ərzində “Qızıl əlcək” idman klubu olduqca maraqlı və eyni zamanda şərəfli inkişaf yolu keçib. Hazırda klubda boks, kikboksinq, cüdo və karate üzrə bölmələr fəaliyyət göstərir. Bütün növlər üzrə təmsilçilərimiz həm respublika miqyaslı, həm də beynəlxalq yarışlarda iştirak edirlər. İdman klubumuz boks üzrə dünya çempionu, kikboksinq üzrə bir neçə Avropa və dünya çempionu yetişdirib. 2017-ci ildə “Qızıl əlcək” idman klubu gənclər arasında kikboksinq üzrə respublika çempionatında komanda hesabında qalib adını qazanıb. Klubun uğurlarını sadalamaqla bitirmək olmaz. Artıq təhsilimi başa vurub Vətənə qayıtdığım üçün klubun fəaliyyəti ilə bundan sonra daha yaxından məşğul olacağam. Əminəm ki, “Qızıl əlcək” idman klubu hələ uzun illər beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəldəcək idmançılar yetişdirəcək. Klubun yetişdirdiyi hər bir idmançı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olan gələcəyin əsgəridir.
Maraqlı müsahibə üçün təşəkkür edirik
Caspian Energy