Gəncədə mülki müdafiə məşqi keçirilib

Gəncədə mülki müdafiə məşqi keçirilib
# 31 avqust 2023 11:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhərində yerləşən “Azəraliminium” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirib.

FHN-dən APA-ya verilən xəbərə görə, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən obyekt heyətinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub.

Məşqdə FHN-in Gəncə Regonal Mərkəzinin, Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının həmçinin müəssisənin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası iştirak edib.

Məşq iki mərhələdə keçirilib. Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb, şərti olaraq baş vermiş fövqəladə hadisə barədə məlumatlar çatdırılıb. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib.

Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə və düzgün qərarlar qəbul etmək, eyni zamanda mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı əyani nümayış olunub. Baş vermiş şərti fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış) barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılıb, ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib. Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə öz əksini tapıb və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanıb.

Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR