Novxanıda qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə sentyabrın 29-da saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girmiş 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub.
Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Meyit eksqumasiya edilib, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.