Prokuror "Range Rover"lə qəza törədən sabiq polisə yenidən cəza istəyib

Prokuror "Range Rover"lə qəza törədən sabiq polisə yenidən cəza istəyib
# 19 iyun 2019 14:37 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Range Rover”lə qəza törətməkdə təqsirləndirilən sabiq polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə istintaq başa çatıb.

Dövlət ittihamçısı çıxış edərək X.Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi isə təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edib.

Proses iyunun 25-də davam edəcək.

Qeyd edək ki, prokuror bir müddət əvvəl X.Məmmədova 7 il azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin hakimlər cinayət işində prosessual pozuntuların olduğu qənaətinə gələrək, məhkəmə istintaqının yenilənməsi, bu iş üzrə prokurorluq və polis əməkdaşlarının dindirilməsi barədə qərar veriblər.

Onu da qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüblər.

Qəza baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR