Qardaşı arvadını öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Qardaşı arvadını öldürən şəxsin ibtidai istintaqı başa çatıb
# 10 iyun 2019 10:15 (UTC +04:00)

Qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən Rafiq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, R. Məmmədov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, bu il yanvarın 2-də Abşeron rayonu, Qobu qəsəbəsi, Təzəkənd kəndində yaşayan Məmmədova Əqidə Mirzəkişi qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə şahidlərin ifadələri alınmış, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, kompleks məhkəmə-kriminalistik və biolojı ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədov Rafiq Həsənoviçin qeyd edilən tarixdə saat 16 radələrində aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində qardaşı arvadı Ə.Məmmədovanı küt alətlərlə baş nahiyəsinə vurmaqla qəsdən öldürməsində əsaslı şübhələr müəyyən olunduğundan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR