Teatr direktorunun 332 min manatlıq mənimsəmə ilə bağlı məhkəmədə yenidən ifadə verməsi istənilib

Teatr direktorunun 332 min manatlıq mənimsəmə ilə bağlı məhkəmədə yenidən ifadə verməsi istənilib
# 11 mart 2024 13:10 (UTC +04:00)

Azərbaycan Dövlət Pantomima Teatrının mənimsəmədə ittiham olunan kadrlar şöbəsinin sabiq müdiri Aytən Kərimovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid kimi dindirilən X. İsmayılovanın sözlərinə görə təqsirləndirilən şəxs onun baldızıdır: "Analıq məzuniyyətinə çıxanda öz yerinə mənim adımı yazmağı təklif etdi. Soruşdum ki, belə bir şey mümkündür? Yanımda zəng elədi müdriyyətə dedilər ki, olar. Bundan sonra razılıq verdim. Aytən məzuniyyətdə olsa da, işə gəlib gedirdi. Bu işlə bağlı Elman müəllimin və Nelli xanımın xəbəri var idi".

Aytən Kərimova dövlət ittihamçısının bu barədə sualına belə cavab verib: "Müdriyyət dedi ki, ya yerinə adam tap qoy, ya da işdən çıx. Dedilər adam qoyacaqsansa, güvəndiyimiz biri olsun. Bunu mənə direktor Elman müəllim dedi. Onların saxta işləri var idi, mən görürdüm. Ona görə də güvənilən adam tapmağımı tapşırdı. Bütün bu tip işləri görürdüm deyə məni əldən buraxmaq istəmirdilər. Analıq məzuniyyəti vaxtı da işləri ya evdən görürdüm, ya da işə gedirdim".

Daha sonra iş üzrə şahid kimi Pantomima Teatrının əməkdaşı, təqsirləndirilən şəxsin anası Mehriban İsmayılova ifadə verib. O, ifadəsi zamanı 17 ildir həmin qurumda işlədiyini bildirib: "Mən Aytənin anasıyam. 17 ildir teatrda işləyirəm. 2019-cu ilə qədər maaşı kartla alırdım. Sonra kartımı itirdim. Dedim ki, kartımı itirmişəm, yeni maaş kartı lazımdır. Dedilər ki, bank sərəncam verib, ona görə sənə kart verə bilmirik. 2019-cu ildən maaşım Lalə İsmayılovanın adına vurulub. Mən də maaşımı ondan almışam".

Prokurorun bu barədə sualına cavab olaraq A.Kərimova deyib ki, teatrda bəzi adamlar kartla, bəziləri isə əlbəəl maaş alıb. Təqsirləndirilən şəxs hesablara bank tərəfindən sərəncam qoyulduğu üçün müəyyən limit olduğunu açıqlayıb: "Sərəncama əsasən, limit qoyulmuşdu. Müəyyən saya uyğun işçi adına kart açmağa imkan var idi. Anam da kartını itirmişdi. Ona yeni kart aça bilmədik".

Daha sonra iş üzrə şahid kimi, Pantomima Teatrının əməkdaşı, təqsirləndirilən şəxsin qayınanası Səkinə Kərimova ifadə verib. Şahid bildirib ki, onun kartına bir dəfə əlavə ödəniş edilib: "Aytən gəlinimdir. Adıma kart var idi. Bir dəfə kartıma əlavə pul vurdu, sonra özü çıxardı. Sonradan bildim ki, o pulu maaş kimi başqasına verib".

Sonda təqsirləndirilən Aytən Kərimovanın vəkili vəsatətlə çıxış edib. O, teatrın direktorunun yenidən məhkəmədə ifadə verməsini istəyib. Vəsatət baxılmadan saxlanılıb.

Növbəti məhkəmə prosesi aprelin 8-nə təyin edilib.

Qeyd edək ki, teatrın direktoru Elman Rəfiyev ötən prosesdə şahid qismində ifadə verib.

Aytən Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanılıb.

A.Kərimova Azərbaycan Dövlət Pantomima Teatrında ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR