Vidadi Muradovun cinayət işinə xitam verilib - VİDEO

Vidadi Muradovun cinayət işinə xitam verilib - VİDEO
# 28 yanvar 2022 10:20 (UTC +04:00)

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə mərhum Vidadi Muradovun vəkili Vüqar Babayev müdafiə çıxışı edib.

Vəkil Vidadi Muradova verilmiş ittihamlarla razı olmadıqlarını deyib. O, təqsirləndirilən şəxsin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edib. Müdafiəçi qeyd edib ki, üzərinə həbs qoyulmuş əmlaklardan yalnız "Azərİlmə"nin ətrafındakı qeyri-yaşayış sahəsi, Həsən Əliyev küçəsindəki ev ona aiddir. Digər əmlakların bir hissəsi vəzifəsini icra etməzdən əvvəlki dövrə aiddir, digər hissəsi isə oğlu Aydın Muradovundur.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Vidadi Muradov verilmiş maddələrlə təqsirli bilinib. Təqsirləndirlilən şəxs məhkəmə istintaqı zamanı vəfat etdiyi üçün ona cəza təyin edilməyərək, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Hökmə əsasən, V. Muradovun Həsən Əliyev küçəsindəki evinin üzərindən həbs götürülüb.

Xatırladaq ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanun əsasən, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

İttihama görə, Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

V. Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Onkoloji xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.

V.Muradov ötən ilin noyabrın 5-də vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR