Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
# 08 iyun 2016 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, iyunun 7-də saat 01 radələrində Nizami rayonu, Babək prospekti 75 saylı evin qarşısında şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi avtomobillə yolu keçən naməlum qadını vuraraq hadisə yerindən qaçıb, nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin 1978-ci il təvəllüdlü, Bakı şəhər sakini Yakuşev Vadim Mixayloviç tərəfindən, idarə etdiyi “BMV 520” markalı 90-UU-748 dövlət nömrə nişanlı avtomobillə törədilməsi müəyyən edilib.

Cinayətin V.Yakuşev tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə zəruzi istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR