Həbsxanalara spirtli içki, mobil telefon, nağd pul və narkotik keçirilməsinin qarşısı alınıb

Həbsxanalara spirtli içki, mobil telefon, nağd pul və narkotik keçirilməsinin qarşısı alınıb
# 17 avqust 2013 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi, həmçinin belə əşyaların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aparılan əməliyyat və axtarış-baxış tədbirləri ilə yanaşı, bu əməllərlə bağlı məsuliyyəti müəyyən edən “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 25.07.2007-ci il tarixli qanunu və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin 28.12.2007-ci il tarixli fərmanının icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərlə, habelə onlarla görüşə gələn yaxın qohumları və digər vətəndaşlarla geniş maarifləndirmə işi aparılır, qanunvericiliyin mahiyyəti ətraflı izah olunur, yol verilə biləcək qanun pozuntularının doğuracağı məsuliyyət barəsində məlumat verilir.

Buna baxmayaraq, məhkumlarla görüşə gələn ayrı-ayrı vətəndaşlar tərəfindən qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsi cəhdləri hələ də mövcuddur. Belə ki, 2013-cü ilin ilk yeddi ayı ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 1756 manat və 50 ABŞ dolları məbləğində pul, 132,5 litr spirtli içki, 353 mobil telefon, 93,367 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb.

Qeyd olunmalıdır ki, həyata keçirilən tədbirlər nəticəsində məhkumlara qadağan edilmiş əşyaların ötürülməsi cəhdləri ötən illərlə müqayisədə xeyli azalıb. Bu, xüsusilə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə müxtəlif yollarla ötürülməsinə cəhd göstərilmiş nəğd pulun miqdarında daha çox özünü göstərir. Lakin son vaxtlar bir sıra mətbu orqanlarda xidmət tərəfindən bu sahədə görülmüş tədbirlərin guya bəzi məhkum yaxınlarının narazılıqlarına səbəb olması kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilib.

Penitensiar Xidmət tərəfindən məhkumların puldan istifadə qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin izah edilməsi istiqamətində ardıcıl işlər aparılır. Təəssüf ki, bəzi məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların yaxınları qanunvericiliyin bu sahədəki tələblərini pozmağa cəhd edirlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə götürülür və qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Saxlanılmasına icazə verilməyən əşya, mallar və ərzaq məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür və belə halda məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Cəzaların İcrası Məcəlləsində təsbit olunduğu kimi, məhkəmə hökmü ilə təyin olunmuş rejim növündən asılı olaraq məhkumlara ərzaq məhsulları və ən zəruri mallar əldə etmələri üçün müəyyən məbləğdə pul vəsaiti xərcləməyə icazə verilir. Bu isə nağdsız haqq-hesabla məhkumun şəxsi hesabında olan vəsaiti ilə həyata keçirilir.

Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarında isə məhkumların pul vəsaitindən istifadəsi ilə bağlı konkret olaraq göstərilib ki, məhkumdan aşkar edilmiş pul götürülür və məhkumun şəxsi hesabına keçirilir.

Beləliklə, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan məhkum və təqsirləndirilən şəxslərlə görüşə gələn vətəndaşlar hər bir penitensiar müəssisənin görüş otağında cəza çəkənlərə ötürülməsinə icazə verilən əşyaların siyahıları ilə diqqətlə tanış olmalı, müəssisə əməkdaşları tərəfindən onlara izah olunan qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR