Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsində zərərçəkənlər ifadə verib

Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsində zərərçəkənlər ifadə verib
# 24 yanvar 2017 10:35 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Qamət Əlirzayev ifadə verib.

O bildirib ki, T. Qurbanov qohumunun vəkili olub. Onun sözlərinə görə, T. Qurbanova 5300 manat pul verib: "Bu məbləğ zərərçəkmiş şəxsin zərərini ödəmək üçün verilmişdi".

Digər zərərçəkmiş Tahir Samirov ifadəsində deyib ki, qardaşının cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və vəkili T. Qurbanov olub. Onun sözlərinə görə, T. Qurbanov qardaşını azadlığa buraxdıracağını deyib və bu adla ondan pul alıb: "Tahir Qurbanov bizdən öz fəaliyyəti, həmçinin zərərçəkmişə dəyən ziyanı ödəmək üçün 6200 manat alıb. Amma sonradan yoxa çıxdı. Zərərçəkmişə dəyən ziyanı da ödəməyib".

Daha bir zərərçəkmiş Zaur Əliyev qardaşının həbsi ilə bağlı T. Qurbanova müraciət etdiyini deyib. Onun sözlərinə görə, T. Qurbanov vəkil yox, polis rəisi olduğunu deyib: "Qardaşımın həbs müddətini azaltmaq üçün bizdən 3000 manat alıb".

Təqsirləndirilən T. Qurbanov isə zərərçəkmişləri yalan ifadə verməkdə ittiham edib.

Məhkəmə prosesi yanvarın 27-də davam etdiriləcək.

Qeyd edək ki, T. Qurbanov 6 vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat almaqda təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

T. Qurbanov əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. Vəkillər Kollegiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR