Dövlət Gömrük Komitəsi iki qaçaqmalçılıq cəhdinin qarşısını alıb

Dövlət Gömrük Komitəsi iki qaçaqmalçılıq cəhdinin qarşısını alıb
# 10 sentyabr 2014 12:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Dövlət Gömrük Komitəsi 2 qaçaqmalçılıq faktını aşkar edib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bəxtiyarov Bəhruz İsman oğlu gömrük nəzarətinin yaşıl kanalını keçdikdən sonra onun hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və ona aid baqajlara və əl yüklərinə baxış keçirilib.

Baxış zamanı 3 ədəd yaşıl sellofanla üzlənmiş açıq mavi rəngli plastik qutuların içərisindən, Bəxtiyarov Bəhruz İsman oğlunun gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, kağız üzərində yazılı, elektron formada bəyan etmədiyi 59 kiloqram 687 qram gümüşdən hazırlanmış zərgərlik məmulatları aşkar olunub. Bundan sonra aşkar olunan əşyalar qablaşdırılaraq, hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, 336 saylı İstanbul-Bakı aviareyslə gələn Azərbaycan vətəndaşı Quliyev Vidadi Sübhan oğlu gömrük nəzarətindən keçdikdən sonra gömrük zonasını tərk etmək istəyərkən idarənin əməkdaşları tərəfindən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib. Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq V.S.Quliyevə məxsus baqaja gömrük baxışı keçirilməsi və üzərində şəxsi yoxlama aparılması üçün o, gömrük yoxlama otağına dəvət olunub. Quliyev Vidadi Sübhan oğluna məxsus olan tünd qəhvəyi rəngli çamadanına keçirilmiş gömrük baxışı zamanı çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş 150 ədəd diş implantları aşkar edilib, hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR