Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ötən proses barəsində məcburi gətirilmə qərarı çıxarılmış AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru Bayram Babayev dindirilib.
B. Babayev ifadəsində təqsirləndirilən şəxsə heç bir şikayət və tələbinin olmadığı deyib: "Bir yerdə masa arxasında oturmuşduq. Pul istədi. Köməklik niyyəti ilə ona pul vermişəm. Heç bir problemimiz olmayıb. Qarşılığı olmadan köməklik etmişəm".
Məhkəmə prosesi iyulun 13-də davam edəcək.
Qeyd edək ki, A. Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. O, 25 nəfər zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.