Göygöl. Azər Məmmədli – APA. Göygöl rayonunda qonşusunun evindən 1200 manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb. Göygöl rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonunun Topalhəsənli kənd sakini Sahib Cəfərov ötən ay mənzilinin qarət edilməsi barədə Polis Şöbəsinə ərizə ilə müraciət edib. Şikayətçi ərizəsində qeyd edib ki, naməlum şəxs evində heç kimin olmamasından istifadə edərək oradan xeyli miqdarda qızıl-zinət və digər qiymətli əşyaların oğurlayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsini qonşuluqda yaşayan 15 yaşlı qız törədib. Yeniyetmə qız şöbədə dindirilən zaman qonşusunun mənzilindən oğurluq etməsini etiraf edib. Onun oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.
Göygöl rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.