Hilal Məmmədov məhkəmədə ifadə verib

Hilal Məmmədov məhkəmədə ifadə verib
# 22 may 2013 11:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə H. Məmmədov ona qarşı irəli sürülən narkotik ittihamı ilə bağlı geniş ifadə verib. Lakin hakim ondan qısa ifadə verməyi tələb edib. H. Məmmədovun vəkilləri isə hakimin tələbinə qarşı çıxıblar. Onlar hakim tərkibinə etirazla bağlı vəsatət hazırlamaq üçün məhkəmədən vaxt istəyiblər. Onların istəyi yerinə yetirilib və proses mayın 29-dək təxirə salınıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR