Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 16-da günorta saatlarında rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Rayonun Velədi kənd sakini, 1981-ci il təvəllüdlü Amid Əyyar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Güclü zərbədən kəllə-beyin travması alan sürücü Lənkəran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ona burada zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qəza nəticəsində həmçinin elekrtik dirəyi aşıb, eləcə də avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.