Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində qətlə yetirilən Fəridə Məcidovanın baldızı Dilarə Məcidova ifadə verib. O, hadisənin hansı səbəbdən baş verməsindən məlumatsız olduğunu deyib. Onun sözlərinə görə, hadisə baş verən gün F. Məcidova və M. Qasımi boşanacaqmışlar.
Proses fevralın 7-də davam etdiriləcək.
Hadisə ötən il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanında yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Hadisəni törədən M.Qasımi saxlanılıb. Qətlə yetirilən F.Məcidova Milli Məclis Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, 2015-ci ildə yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib. M.Qasıminin həyat yoldaşını tamah məqsədi ilə qətlə yetirdiyi açıqlanıb.