Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı və 14 saylı cəzaçəkmə müəssisələrində olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılma şəraiti, məhkumların səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.
Araşdırma zamanı 14 saylı müəssisədə aparılmış kadr islahatından sonra bir sıra müsbət işlər görüldüyü, belə ki, məhkumların ailələri ilə telefon danışığı üçün nəzərdə tutulmuş xətlərin sayının 2-dən 4-ə çatdırıldığı, qısa müddətli görüş otağının və asudə vaxtın səmərəli keçirilməsi üçün klubun təmir edildiyi, içməli su xəttinin təzələnməsi və inzibati binada təmir işlərinin yekunlaşdırıldığı məlum olub.
Qəbul edilən məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri və cəzaçəkmə müəssisəsinin daxili intizam qaydaları izah edilib. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.