Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunub. Onların ərizə və müraciətlərinə baxılıb, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib.
Həmin şəxslər saxlanma şəraitindən, keyfiyyətli qida və tibbi xidmətdən, istintaq təcridxanası əməkdaşlarının rəftarından razılıqlarını bildiriblər.
Bunlarla yanaşı, saxlanılan şəxslərin müraciətlərində yer alan istintaq, əfv, cinayətlərin dekriminallaşdırılması, digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər qanunvericiliyə uyğun şəkildə cavablandırılıb.
Başçəkmə zamanı son dövrlər BİT-də saxlanma şəraitinin təkmilləşdirildiyi, əsaslı təmir işlərinin davam etdirildiyi, cərimə təcridxanasının və karantin otağının təmir olunduğu, tibbi-sanitar hissəsində ruhi-əsəb xəstəliyi olan şəxslər üçün palataların bərpası, saxlanma şəraitinin təkmilləşdirilməsi məqsədilə yeni qaz xəttinin çəkilməsi işlərinin davam etdirildiyi, yeməyin və qidanın keyfiyyətinin və yetkinlik yaşına çatmayanların idmanla məşğul olmaları üçün şəraitin yaxşılaşdırıldığı müsbət hal kimi qiymətləndirilib.
Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.