Ötən il Azərbaycanda məhkumların ekstradisiya məsələləri ilə bağlı 14 mindən çox sorğunun icrası üzrə tədbirlər görülüb

Ötən il Azərbaycanda məhkumların ekstradisiya məsələləri ilə bağlı 14 mindən çox sorğunun icrası üzrə tədbirlər görülüb
# 09 fevral 2015 14:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il ərzində Ədliyyə Nazirliyi tərəfindən bir sıra ölkələrin aidiyyəti qurumları ilə müvafiq sənədlərin layihələri razılaşdırılıb.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, Azərbaycan və Xorvatiya ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Həmçinin beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, Avropa İttifaqı ilə səmərəli qarşılıqlı fəaliyyət davam etdirilib, Avropa İttifaqı ilə birgə 2012-2014-cü illər üzrə həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan penitensiar sistemin və regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə tədbirlər görülərək nailiyyətlər əldə olunub.

Eyni zamanda beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələləri ilə bağlı 14 000-dən çox sorğunun icrası üzrə tədbirlər görülüb.

Kollegiyada dövlət başçısının elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı tapşırıqlarının icrasına toxunulub, prosesin həyata keçirilməsi məqsədilə 2014-2018-ci illəri əhatə edən Tədbirlər Planının müəyyən olunaraq icrasına başlanıldığı, artıq 15 məhkəmədə elektron məhkəmə sisteminin müxtəlif komponentlərinin sınaq rejimində tətbiq edildiyi, hakim və məhkəmə aparatı işçilərinin müvafiq təlimlərə cəlb olunduğu vurğulanıb.

Həmçinin qeyd olunub ki, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, bu məqsədlə dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə icra olunan "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsi çərçivəsində Bakı şəhəri Binəqədi, eləcə də İmişli, Qəbələ və Zaqatala rayon məhkəmələri üçün yeni binaların intensiv tikintisi aparılır. Ötən il Quba rayon məhkəməsinin yeni inzibati binası istifadəyə verilib, Şəki və Sabunçu məhkəmə komplekslərinin inşa işləri isə başa çatmaq üzrədir. Dünya Bankı ilə uğurlu əməkdaşlığın davamı olaraq "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni irihəcmli layihə imzalanaraq onun icrasına başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR