Ötən il pozuntulara yol verən bələdiyyə sədrləri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli 43 faktla bağlı materiallar prokurorluğa göndərilib

Ötən il pozuntulara yol verən bələdiyyə sədrləri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli 43 faktla bağlı materiallar prokurorluğa göndərilib
# 09 fevral 2015 14:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Son illər məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan işlərin sayının artım tendensiyası ötən il də davam edib.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, ötən il icra işlərinin sayı 36 faiz artaraq 300 minə yaxın olub, onun da 70%-nin icrası təmin edilib, qalanlarının isə icrası üzrə tədbirlər davam etdirilir. Bu sahədə xüsusi rolu olan nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 503 cinayət işinin istintaqı tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 44 faizi istintaqın gedişində ödətdirilib.

Ötən il inzibati nəzarət qaydasında 66 700 bələdiyyə aktına baxılıb, 2250 akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol verən bələdiyyə sədrləri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli 43 faktla bağlı materiallar prokurorluğa göndərilib. İnzibati nəzarətlə bağlı tərtib olunmuş, fotomateriallarla və diaqramlarla müşayiət olunan İllik Məruzə Milli Məclisə göndərilib.

Eyni zamanda yerli özünüidarə orqanlarının fəaliyyətinə dair bütün zəruri məlumatları əhatə edən Azərbaycan bələdiyyələrinin elektron portalı yaradılıb və bələdiyyələrin milli assosiasiyalarının iştirakı ilə geniş təqdimatı keçirilib.

Məhkəmə ekspertizası sahəsində nazirliyə 41 ekspert ixtisası üzrə 25 mindən çox iş daxil olub, ekspertlər 330 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,6%-ni həll ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR