Ağdam Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərinin səyyar qəbulunu keçirib

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərinin səyyar qəbulunu keçirib
# 07 avqust 2015 11:10 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) akt zalında Ağdam RİH başçısı Raqub Məmmədovun səyyar qəbulu keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Suraxanı RİH başçısı İlqar Abbasov da iştirak edib.

Qəbul zamanı ağdamlı məcburi köçkünlərin şikayətləri, problemləri dinlənilib.

Şikayətlər əsasən mənzil şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin edilmə, işsizlik və abadlaşdırma ilə bağlı olub.

Ağdam rayon sakini Elxan Qurbanov Qarabağ müharibəsində, xüsusilə də Mərzili uğrunda gedən döyüşlərdə aktiv iştirak etdiyini, buna baxmayaraq müharibədə iştirak etdiyi haqqında sənəd ala bilmədiyini söyləyib. O, özü ilə yanaşı bir neçə nəfərin belə bir problemlə üzləşdiyini bildirib. E.Qurbanov məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdiklərini, lakin qaneedici cavab ala bilmədiklərini vurğulayıb.

Bir neçə müharibə əlili və veteranı isə mənzil şəraitlərinin pis olmasından şikayətləniblər.

Ağdam RİH başçısı Raqub Məmmədov şikayətləri dinləyərək, problemlərin həlli üçün RİH-in məsul şəxslərinə yerindəcə müvafiq göstərişlər verib.

Suraxanı RİH başçısı İlqar Abbasov isə çıxışında rayon ərazisində yaşayan məcburi köçkünlərin problemlərinin həlli üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Bundan başqa, hər iki RİH başçısı məcburi köçkünləri qarşıdan gələn parlament seçkisində aktiv iştiraka çağırıblar.

Sonda İ. Abbasov tərəfindən R. Məmmədova xatirə hədiyyələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR