Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən S. Hacıyev peşman olduğunu deyib.
O ifadəsində bildirib ki, ailəlidir, 6 nəvəsi var: "Mənə dedi ki, Qusarda başqa adamlarla istirahətdədir. Mən də gedib öldürdüm".
Prosesdə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi də ifadə verib. O, təqsirləndirilən şəxsin qanun çərçivəsində cəzalandırılmasını istəyib.
Prosesdə şahid qismində Vahid Rüstəmov da ifadə verib. Bildirib ki, Samirə Əsədova onun baldızıdır: "Samirə dedi ki, ikinci dəfə ailə həyatı qurub. Bizə qonaq gəlmək istəyirdilər. Sonradan bildik ki, Sahib Hacıyevin başqa ailəsi var. Mən də Samirə ilə əlaqəni kəsdim".
S. Hacıyevin oğlu Bəxtiyar Hacıyev də ifadə verib. Atasının əsəbi adam olduğunu, Samirə Əsədova ilə olan münasibətinə görə anası ilə dalaşdıqlarını deyib.
Proses yanvarın 17-də davam edəcək.
Qeyd edək ki, ötən ilin sentyabrında Bakı-Şamaxı yolunun ''Sulutəpə'' ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.
Araşdırmalarla onların Müşfiqabad qəsəbə sakinləri - 64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olduğu müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan 50 yaşlı Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
Şahidlərin sözlərinə görə, Sahib Hacıyev maşından götürdüyü bıçaqla qadının boğazına, onun atasının isə bədən nahiyəsinə çoxsaylı zərbələr vurub. Ətrafdakılara isə ailə məsələsi olduğunu deyərək yaxına gəlməmələrini istəyib.
Sahib Hacıyev ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.