Ramiz Zeynalov: “Mahir Abdullayevin avtomobilindən qan izləri və qadına aid saç tükləri tapılsa da, sonradan yoxa çıxıb”

Ramiz Zeynalov: “Mahir Abdullayevin avtomobilindən qan izləri və qadına aid saç tükləri tapılsa da, sonradan yoxa çıxıb”
# 21 avqust 2013 14:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. “Elşad Abdullayev gec-tez Mahir Abdullayevin öldürülməsi və ona məxsus 20 milyon manat məbləğində pulun oğurlanması ilə bağlı həbs olunacaq”. APA-nın məlumatına görə, bu sözləri Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun məhkəməsində müdafiə çıxışı edən vəkil Ramiz Zeynalov deyib.

R. Zeynalov bildirib ki, Mahir Abdullayevin itkin düşməsi ilə əlaqədar açılan cinayət işi sonradan qətl maddəsi ilə əvəzlənib: “Elşad Abdullayev Mahir Abdullayevin işinə görə dəfələrlə istintaqa çağırılsa da, gəlməkdən imtina edib və bəhanələrlə istintaqdan yayınıb. Elşad Abdullayev istintaqa yalan, saxta ifadələr təqdim edib. Elşadın rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetində aparılan yoxlamalar nəticəsində korrupsiya faktları aşkarlanıb. Həmin məsələ ilə bağlı üç minə qədər adam zərərçəkmiş şəxs kimi istintaqa ifadə verib. İfadə verən şəxslərin hamısı universitetə pulla qəbul olunduqlarını, imtahanları pulla verdiklərini, diplomu pulla aldıqlarını deyiblər. Həmin dövrdə Misir Mərdanov və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi tərəfindən universitetdə aparılan yoxlamalar nəticəsində tələbələrin birinci kursu oxumadan ikinci kursa qəbul olunduqları, xarici universitetlərdən qanunsuz tələbə köçürmələri edildiyi aşkarlanıb. Lakin onun bu cinayətləri kimlərsə tərəfindən ört-basdır edilib”.

Ramiz Zeynalov çıxışında bildirib ki, Elşad Abdullayev mətbuatda yaydığı videolarda və müsahibələrində dəfələrlə vətəndaşları hakimiyyət əleyhinə üsyana çağırır: “Elşad Abdullayev bunlarla yanaşı, kriminal sxem tərtib edib. Orada güc strukturlarının 30-a yaxın vəzifəli şəxsinin adını qeyd edib. Guya qardaşı həmin şəxslər tərəfindən oğurlanıb. Bu qədər şər-böhtan, yalan danışan adamın fikirləri əsas götürülə bilməz” .

Daha sonra E. Abdullayevin hazırda prokurorluq orqanlarında çalışan qardaşı Elsevər Abdullayedən danışan vəkil onun Mahir Abdullayevin cinayət işi əlaqədar bir sıra sübutları istintaqdan gizlədiyini söyləyib: “Həmin dövrdə Elsevər Abdullayev Qaradağ rayon Yol Polisi İdarəsinin əməkdaşını təhqir edib, daha sonra Mahirə məxsus sənədlər Balaxanı zibilliyindən bir nəfər tərəfindən tapılıb və Mahirin həyat yoldaşı Gültəkin xanıma təqdim edilib. O isə həmin adamı taparaq təhqir edib. Bütün bunlarla bağlı onun barəsində cinayət təqibi başladılmalıdır. Bundan əlavə, Mahir Abdullayevə məxsus avtomobil tapılarkən orada qan izləri və qadına məxsus sarı rəngli saç tükləri aşkar edilib. Lakin sonradan həmin maddi sübut və qan izləri maşından yoxa çıxıb. Elsevər bunları bilsə də, istintaqa heç bir məlumat verməyib ”.

R. Zeynalov hüquqlarını müdafiə etdiyi A. Kazımovun deputat və tanınmış iş adamı olduğunu qeyd edib: “Onun inşa etdiyi binada prezident olub və o binadakı evlərdən biri şahmatçı Teymur Rəcəbova verilib. Yəni prezident də Arzu Kazımovun kiminlə şərik olduğunu, iş adamı olduğunu bilib. Onun Mahirin işində heç bir canfəşanlığı olmayıb ”.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olduğunu əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini, mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR