Rasim Musabəyov: “Boris Berezovskinin ölümü ilə Rusiya heç nə itirmədi” - APA TV

Rasim Musabəyov: “Boris Berezovskinin ölümü ilə Rusiya heç nə itirmədi” - <span style="color: red;">APA TV
# 25 mart 2013 21:10 (UTC +04:00)

Bakı. Günay Rəhimova – APA TV. «Tanınmış rusiyalı iş adamı Boris Berezovskinin ölümü ilə Rusiya heç nə itirmədi», politoloq Rasim Musabəyov belə hesab edir. Onun sözlərinə görə, Rusiyada oliqarxa münasibət onsuz da mənfi idi.

"Berezovski öldü, indi Kremldə rahat yata bilərlər" - Rusiya mətbuatı 23 martdan etibarən bu tip başlıqlı məqalələrlə zəngindir. Hazırda kimlərinsə dahi şarlatan, dələduzların kralı, kimlərinsə siyasi mühacir titulu verdiyi Berezovskinin sui-qəsd, qətl və xəstəlik üzündən ölməsinə dair kifayət qədər müxtəlif ehtimallar dolaşır. Oliqarxı çoxsaylı maliyyə maxinasiyalarında suçlayırdılar. Rus-çeçen münaqişəsində Berezovskinin qərəzli mövqe tutması və çeçen mücahidlərinə hərbi məlumatları gizli ötürməsi də bu şəxsin Rusiyada persona non-qrata elan edilməsinin səbəblərindən biri kimi göstərilirdi. Rasim Musabəyov deyir ki, Berezovskinin ölümü son vaxtlar keçirdiyi streslə və bunun məntiqi nəticəsi olaraq, infarktla əlaqəlidir.

Bu arada yəhudi əsilli milyarder Roman Abramoviçin ABŞ-ın Federal Təhqiqatlar Bürosu tərəfindən saxlanılması haqda məlumat yayıldı. Və mətbuat həvəslə bu həbsin Berezovskinin ölümü ilə birbaşa əlaqəsi olması ehtimalını araşdırmağa başladı. Bir qədər sonra FTB bu məlumatı təkzib etdi və gündəmə yenidən Berezovskinin öz əcəli ilə ölməsi yoxsa qətlə yetirilməsi haqda müəmmalar gəldi.

Berezovskinin keçmiş həyat yoldaşı Qalina isə ərinin depresiyaya düşərək, intihar etməsi, ya da infarktdan ölməsi ehtimallarını absurd hesab edir. Onun fikrincə Borisi boğublar. “Aeroflot”un keçmiş baş direktor müavini Nikolay Qluşkov da dostunun boğub öldürüldüyünü iddia edir. Sübut kimi meyitin yanında tapılmış şərf göstərilir. Amma Britaniya polisi bu işdə hələ ki, zorakılıq əlamətlərinin olmamasında israrlıdır.

Daha bir təsdiqini tapmayan və Britaniya Səhiyyə Mühafizəsi Agentliyi tərəfindən təkzib olunan məqam milyarder Berezovskinin qanında radioaktiv elementin olması haqda mülahizə idi.

Dumanlı Albionun polisi və xüsusi xidmət orqanları milyarderin olümünün müəmmasını araşdırmaqda davam edir. Əslində belə qalmaqallı imicə malik olan insanlar dünyasını dəyişəndə siyasətçilər və media qeyri-rəsmi olaraq, bir diaqnoz qoyurlar: mərhum həddindən artıq çox şey bilirdi. Bu xəstəlik isə aydındır ki, sağalmazdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR