Şəmsiyyə Bəylərqızının məhkəməsi davam etdirilib

Şəmsiyyə Bəylərqızının məhkəməsi davam etdirilib
# 11 iyun 2013 15:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymanin şikayəti əsasında həbs olunan Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, aclıq aksiyası keçirən Ş. Bəylərqızı məhkəməyə gətirilib. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda onun vəkilləri müdafiə etdikləri şəxsin vəziyyətinin pis olduğunu bildiriblər. Vəkillər müdafiə etdikləri şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Proses iyunun 18-də davam etdiriləcək. Həmin gün Ş. Bəylərqızına hökm oxunacaq.

Qeyd edək ki, Ş. Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Ş. Bəylərqızı bir neçə gündür ki, aclıq aksiyasına başlayıb. Ş. Bəylərqızının məhkəmənin onun işinə qərəzli baxmasına etiraz olaraq aclıq aksiyasına başladığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR