Azərbaycan Qərblə Şərqi birləşdirəcək yeni informasiya magistralının tikintisi təşəbbüsü ilə çıxış edib

Azərbaycan Qərblə Şərqi birləşdirəcək yeni informasiya magistralının tikintisi təşəbbüsü ilə çıxış edib
# 06 avqust 2008 08:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməsi planlaşdırılan, Qərblə Şərqi birləşdirəcək yeni informasiya magistralının tikintisi layihəsinin noyabrda keçiriləcək beynəlxalq “BakuTel” sərgi və konfransı çərçivəsində müvafiq ölkələrin rəsmiləri ilə ilkin müzakirəsinin təşkili nəzərdə tutulur. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hökumətin bu ilin ilk 6 ayının iqtisadi göstəricilərinə dair keçirilən iclasında deyib. Nazirin sözlərinə görə, Qərbi Avropa ilə Şərqi Asiyanı birləşdirəcək yeni layihə magistral üzərində yerləşən, qonşu olan və həmin regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcək: “Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcək. Təşəbbüskarı Azərbaycan olan layihə əksər ölkələr və müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Layihə Azərbaycanın coğrafi mövqeyindən, inkişaf səviyyəsindən və başlıcası onun regionda aparıcı iqtisadi potensiala malik olmasından asılı olaraq, ölkəmizdə beynəlxalq kommutasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR