Bağırov körpüsünün yenidən qurulması bir aya başa çatacaq

Bağırov körpüsünün yenidən qurulması bir aya başa çatacaq
# 18 sentyabr 2008 09:53 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Türkiyənin «Evim Izolasyon» şirkəti Bakı şəhərində Bağırov körpüsünün yenidən qurulması üzrə həyata keçirilən dövlət layihəsinə podratçı qismində cəlb olunub. Artıq bu ilin oktyabr ayının ortalarında körpünün istifadəyə veriləcəyi gözlənilir.
Şirkətin satış, marketinq və tikinti üzrə direktoru Rəhman Rəsulzadənin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda şirkət körpünün yan keçidlərinin yerin altı ilə sudan izolyasiyasını başa çatdırır. Bu məqsədlə şirkət 30 illik zəmanətə malik olan və PVC materialından hazırlanmış geomembrandan istifadə edir.
R.Rəsulzadə həmçinin bildirib ki, «Evim Izolasyon» həmçinin Nəqliyyat Nazirliyi, «Meliorasiya və Su Təsərrüfatı» İdarəsi və Bakı Metropoliteni tərəfindən həyata keçirilən tikinti işlərində izolyasiya işlərinin aparılmasına dair bu qurumlarla danışıqlar aparır. Hazırda dövlət qurumları gələcək layihələrdə geomembrandan istifadə imkanlarına baxır və bunun üstünlüklərini qiymətləndirir.
R.Rəsulzadənin sözlərinə görə, qiyməti ilə adi materiallardan (1 kv. metri üçün 3-5 manat) seçilən geomembran (7-8 manat) elastiklik hesabına daha effektiv və uzunmüddətlidir.
Qeyd edək ki, «Evim Izolasyon» şirkəti Azərbaycanın bazarında 2005-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR