Azərbaycanda «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» çərçivəsində beynəlxalq tender keçirilir

Azərbaycanda «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» çərçivəsində beynəlxalq tender keçirilir
# 21 oktyabr 2008 09:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» çərçivəsində «Azərsu» Səhmdar Cəmiyyəti Göyçay rayon mərkəzində suqəbuledici qurğuların tikintisinə dair beynəlxalq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, iddiaçılar bu ilin dekabrın 3-dək sənədlərini və tender təkliflərini təqdim etməlidir, həmçinin 120 min ABŞ dolları məbləğində iştirak haqqı ödəməlidir. Tender sənədinin xarici ölkələrə çatdırılması üçün 100 manat (125 dollar) ödənilməlidir. Təkliflər son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaq.
Qeyd edək ki, layihənin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastruktur qurulması və bərpası və institusional islahatlar və maddi texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir.
Fiziki infrastrukturun qurulması və bərpası komponenti çərçivəsində Ağdaşda və Göyçayda 6 buruq quyusundan ibarət su quyusu sahəsinin yaradılması və mövcud iki buruq quyusunun reabilitasiyası, hazırkı su paylama sisteminin yeni borularla (təxminən 100 km) əvəz edilməsi, su axınının təzyiqini yaratmaq üçün hündürdə qurulacaq 6 hovuz və təmizləmə-saflaşdırma qurğularının tikintisi nəzərdə tutulub.
Naxçıvanda isə, infiltrasiya qurğusundan öz axını ilə gələn yeni sutoplama sistemi, 4 idarəolunan hovuzun yaradılması, 6 mövcud hovuzun təmiri və onların öz təzyiqi ilə axan şəbəkə vasitəsi ilə paylama sisteminə birləşdirilməsi planlaşdırılır.
Çirkab kanalizasiya suyu üçün isə hər üç bölgədə çirkab axıntının tənzimlənməsi hovuzları sistemi qurulacaq ki, bu da çaya axıdılan suyun lazımi səviyyədə təmizlənməsinə imkan verəcək.
Bundan başqa, 120 km uzunluqda əsas və əlavə kanalizasiya xətləri və 4 kanalizasiya nasos stansiyası qurulacaq.
Xatırladaq ki, AİB «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» çərçivəsində Azərbaycan hökumətinə 30 mln. ABŞ dolları həcmində kredit ayırıb. Vəsait layihə üçün nəzərdə tutulan ləvazimatlar, işlər, əlaqədar xidmətlər və konsaltinq xidmətlərinə yönəldiləcək.
Azərbaycanla AİB arasında «Şəhər su təchizatı və kanalizasiya Layihəsi»nin icrasına dair razılaşma sənədi 2005-ci ilin noyabr ayında imzalanıb.
Əlaqə telefonu: (+994 12) 561-59-76, 561-68-87, 561-58-35.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR