Azərbaycanın təklifi ilə ÜPİ-nin Konvensiyasına dəyişiklik ediləcək

Azərbaycanın təklifi ilə ÜPİ-nin Konvensiyasına dəyişiklik ediləcək
# 18 noyabr 2008 14:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali rəhbər orqanları olan Administrativ Şura və Poçt İstismarı Şurasının təşkilatın XXIV Konqresindən sonra - oktyabrın 29-dan noyabrın 14-dək davam edən ilk sessiyalarında Azərbaycanın ÜPİ-nin Konvensiyasına əlavə və dəyişikliklər edilməsi üzrə verdiyi doqquz təklifdən biri qəbul edilib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ÜPİ qaydalarına ediləcək bu düzəliş poçt operatorları arasında məbləğindən asılı olmayaraq, qarşılıqlı hesablaşma borclarının rəsmiləşdirilməsini mümkün edir, statistik hesabların hazırlanması və auditor tərəfindən yoxlamalar zamanı yaranan anlaşılmazlıqları aradan qaldırır. Qəbul edilən təklif poçt sahəsində ölkələrarası beynəlxalq mübadiləyə görə qarşılıqlı hesablaşmalarda saldonun minimum məbləğinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması nəticəsində bir neçə min dollar əlavə gəlir əldə etməyə şərait yaradır.
Azərbaycanın digər 8 təklifinə gəldikcə, sessiyada onların qəbul edilməsi müəyyən inkişaf etmiş ölkələr (ABŞ, Böyük Britaniya, Fransa və s.) tərəfindən müqavimətlə qarşılanıb. Təkliflər yenidən öyrənilməsi üçün işçi və layihə qruplarına göndərilib.
Hazırda sessiyada qəbul olunmuş bir sıra qərarın həyata keçirilməsi üçün Azərbaycan Poçt Administrasiyasında hazırlıq işləri görülür.
Qeyd edək ki, ÜPİ-nin Administrativ və Poçt İstismarı Şuralarının sessiyalarında 102 ölkə, 8 beynəlxalq təşkilat, 19 regional ittifaq və s. qurumlardan 1000-dən çox nümayəndə iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR