Nazir Ziya Məmmədov: «Dünya maliyyə böhranı ilə bağlı Azərbaycanda həyata keçirilən nəqliyyat layihələrinin icrası dayandırılmayacaq»

Nazir Ziya Məmmədov: «Dünya maliyyə böhranı ilə bağlı Azərbaycanda həyata keçirilən nəqliyyat layihələrinin icrası dayandırılmayacaq»
# 02 aprel 2009 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünyadakı maliyyə böhranı ilə əlaqədar Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrin dayandırılması nəzərdə tutulmur. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Z.Məmmədovun sözlərinə görə, hazırda üzərində işlər gedən layihələrin (bura yol qovşaqları, körpülər, respublika əhəmiyyətli yollar daxildir) 2010-2011-ci illərdə başa çatdırılması planlaşdırılır və həmin layihələr üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur.
Nazir Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rusiya, Azərbaycan və İran arasında dəmir yolu bağlantısının qurulması istiqamətində müzakirələrin aparıldığını da vurğulayıb. Z.Məmmədovun sözlərinə görə, İran tərəfi dəmir yolunun tikintisini Astaraya (İran) çatdırdıqda Azərbaycan ərazisində 8 km-lik dəmir yolu xəttinin tikintisinə başlanılacaq və xətlər eyni vaxtda birləşdiriləcək.
Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR