«AzEuroTel»in apelyasiya şikayəti üzrə məhkəmə iclası aprelin sonunda keçiriləcək

«AzEuroTel»in apelyasiya şikayəti üzrə məhkəmə iclası aprelin sonunda keçiriləcək
# 06 aprel 2009 11:07 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «AzEuroTel» Birgə Müəssisəsinin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» İstehsalat Birliyinin şirkətin şəhərlərarası və mobil rabitəyə çıxış kanallarının məhdudlaşdırılması ilə bağlı qaldırdığı iddiası üzrə apelyasiya şikayəti əsasında məhkəmə iclası aprel ayının sonunda keçiriləcək.
Qeyd edək ki, bu günə kimi artıq iki məhkəmə iclasının keçirilməsinə baxmayaraq, bu iş üzrə təyin edilən hakim Tahirə Ələsgərova hələ də yekun qərar çıxarmayıb.
Qeyri-rəsmi mənbələrdən «APA-Economics»ə verilən məlumata əsasən, məhkəmə işi üzrə qərarın qəbul olunmamasının səbəbi işin əsas məzmunu olan, müasir texnologiyaların xüsusiyyətlərinin mütəxəssis tərəfindən araşdırılmasına ehtiyacın olması ilə bağlıdır. Bununla bağlı, «AzEuroTel» şirkəti tərəfindən «Ericsson» və «Alkatel» kimi tanınmış telekommunikasiya şirkətlərindən ekspertlərin cəlb edilməsini təklif olunmasına baxmayaraq, qarşı tərəf bu təkliflə razılaşmayıb.
Qeyd edək ki, «Aztelekom» İB «AzEuroTel»in 2007-2009-cu illər üzrə bu quruma olan külli miqdarda borcun ödənilməsi iddiası ilə Bakı şəhər 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. Bunu əsas götürərək, fevral ayının 23-dən etibarən «Aztelekom» ATS 492/497/437 abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməsini təmin edən kanalların ötən ilin sentyabr ayından etibarən 50% azaltmasına baxmayaraq, qalan 50% kanalları da məhdudlaşdırıb.
Buna cavab olaraq «AzEuroTel» də qarşılıqlı iddia ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edib. İddiada «Aztelekom»un iki qurum arasında bağlanılmış arabağlantı müqaviləsinin şərtlərini müntəzəm olaraq pozduğu, «AzEuroTel»ə göstərilən rabitə xidmətlərinin keyfiyyəti, dayanıqlığı və fasiləsizliyi təmin edilmədiyi, bunun nəticəsində «AzEuroTel»ə 2,5 mln. manat maddi və texniki ziyan dəydiyi, istehlakçıların hüquqları kobud şəkildə pozulduğu qeyd edilib. Bu həmçinin «AzEuroTel»in beynəlxalq operatorlarla olan münasibətinə xələl yetirib, onun işgüzar nüfuzu zərər çəkib. Məhz bu səbəblərlə bağlı şirkət «Aztelekom»dan ümumilikdə 4 mln. manata yaxın təzminatın ödənilməsini tələb edir.
Sonradan məhkəmə qərarı əsasında «AzEuroTel»in kanallarının işi bərpa edilib, lakin bank hesablarına borc ödənilənədək həbs qoyulub. Yaranmış vəziyyət nəticəsində şirkət tam qüvvə ilə işləyə bilmədiyindən, yaranmış borcun qaytarılması məsələsi çətinləşib.
Xatırladaq ki, «AzEuroTel» Azərbaycan-Britaniya Birgə Müəssisəsi 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi (50%) və «LUKoil Europe Ltd.» (50%) şirkəti tərəfindən yaradılıb. «AzEuroTel» Britaniyanın «GRT Ltd.» şirkətinin «System X» texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR