Azərbaycanda indiyədək dövlətə məxsus 115 668 daşınmaz əmlak barədə məlumatlar Mərkəzi Registrdə qeydiyyata alınıb

Azərbaycanda indiyədək dövlətə məxsus 115 668 daşınmaz əmlak barədə məlumatlar Mərkəzi Registrdə qeydiyyata alınıb
# 07 aprel 2009 09:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən «Dövlət Əmlakının Registrinin aparılması qaydaları: normativ hüquqi əsaslar və praktiki məsələlər» mövzusunda seminar keçirilib.
Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, seminarda Dövlət Əmlakının Registrinin yaradılması və onun normativ hüquqi əsasları, Registrin aparılması qaydaları, habelə dövlət əmlakının uçot və qeydiyyatının təşkili məsələləri ilə bağlı məruzələr dinlənilib. Tədbirdə bildirilib ki, Azərbaycanda dövlət əmlakının keyfiyyət və kəmiyyəti haqqında dəqiq məlumatlar məcmusunun yaradılmasının təmin edilməsi məqsədi ilə Azərbaycanda Dövlət Əmlakının Registri yaradılıb və «Azərbaycanda Dövlət Əmlakının Registri haqqında Əsasnamə» təsdiq olunub və Dövlət Əmlakının Registri 2000-ci ilin aprel ayından fəaliyyətə başlayıb.
Qeyd edək ki, Dövlət Əmlakının Registri daşınmaz dövlət əmlakının (torpaq sahəsi və ya torpaq sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. Komitədən bildirilib ki, Dövlət Əmlakının Registrinin aparılması işinin effektivliyini və operativliyini təmin etmək məqsədi ilə müvafiq proqram təminatı da yaradılıb ki, həmin sistemin əsas funksiyası daşınmaz dövlət əmlakı, onun barəsində bağlanmış əqdlər haqqında məlumatların yığılması, saxlanılması, axtarılması, dəyişdirilməsi və Registrdən çıxarışların və hesabatların alınmasından ibarətdir.
Seminarda dövlət əmlakının qeydiyyata alınması, onun uçotunun aparılmasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkili, habelə Registrdən çıxarışların verilməsi qaydaları izah edilib.
Qeyd edək ki, Dövlət Komitəsinin əsasnaməsinə uyğun olaraq, dövlət hakimiyyəti orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında məlumatların Daşınmaz Dövlət Əmlakının Registrində qeydiyyata alınması üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim etməlidir. Belə ki, seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, mövcud qanunvericiliyə uyğun olaraq, Dövlət Əmlakının Registrindən çıxarış olmadan dövlət müəssisə və təşkilatların mülkiyyətindəki daşınmaz əmlakın hərəkətinə və ya onun barəsində hər hansı bir qərarın qəbul edilməsinə yol verilmir.
Komitədən həmçinin bildirilib ki, 2009-cu ilin aprel ayının 1-nə 6 200 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 4 850 filiallarının malik olduğu 115 668 daşınmaz əmlak barədə məlumatlar Mərkəzi Registrdə qeydiyyata alınıb. Həmçinin, 10 616 torpaq sahəsi haqqında məlumatlar, o cümlədən fiziki və qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi 6 060 torpaq sahəsi haqqında məlumatlar Registrdə qeydiyyata alınıb.
Bundan başqa seminar iştirakçılarına yerlərdə Registrin aparılması ilə bağlı praktiki məsələlər, daşınmaz dövlət əmlakının qeydiyyatı prosesində yaranan problemlər və onların həlli yolları haqqında da müvafiq məlumatlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR