Nyu-Yorkda 2009-cu ilin ən yaxşı avtomobili elan olunub

Nyu-Yorkda 2009-cu ilin ən yaxşı avtomobili elan olunub
# 13 aprel 2009 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən həftə Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.
«APA-Economics»in məlumatına görə, sərgi çərçivəsində keçirilən «İlin ümumdünya avtomobili» müsabiqəsində 2009-cu ilin ən yaxşı avtomobili altıncı nəslə aid «Volkswagen Golf» modeli elan olunub. Bu model «Ford Fiesta» və «Toyota iQ» kimi avtomobilləri arxada qoyub və həmin modellər müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.
Bundan başqa, ilin ən yaxşı idman avtomobili də elan olunub. Belə ki, həmin nominasiyada Yaponiya istehsalı olan «Nissan GT-R» modeli qalib gəlib. Bu model müsabiqənin finalında «Chevrolet Corvette ZR1» və «Porsche 911 Carrera» avtomobillərini qabaqlayıb.
Müsabiqədə həmçinin ilin ekoloji cəhətdən ən yaxşı avtomobil modeli seçilib. Həmin nominasiyada hidrogen mühərrikli «Honda FCX Clarity» modeli qalib gəlib. İlin ən yaxşı avtomobil dizaynı nominasiyasında isə «Fiat 500» modeli birinci olub.
Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında «Mazda2», 2007-ci ildə «Lexus LS460», 2006-cı ildə 3-cü seriyadan olan «BMW», 2005-ci ildə isə «Audi A6» modeli qalib elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR